MİLLİ MƏCLİSİN AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, cənab Prezident İlham Əliyevin bu il yanvarın 18-də qəbul etdiyi sərəncama uyğun olaraq azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlər ilə qeyd edilir. Milli Məclisin bugünkü iclası da tariximizin bu faciəli səhifələrinə həsr olunmuşdur.
Milli Məclisin Sədrinin təklifi ilə son 100 ildə və ondan qabaqkı dövrdə erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Sədr bildirdi ki, dövlət başçısı cənab İlham Əliyev Cənubi Qafqazın keçmişi və bu günü ilə bağlı bir sıra konsepsiyalar irəli sürərək, erməni millətçilərinin destruktiv fəaliyyətini daim ifşa edir. Onun 18 yanvar tarixli sərəncamında 1918-ci ilin mart–aprel aylarında daşnak-bolşevik dəstələri tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər müəyyən edilmişdir.
Sədr diqqətə çatdırdı ki, erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi vardır. Bu siyasətin birinci mərhələsi 1828-ci ildə Şimali Azərbaycanın çar Rusiyası tərəfindən tam işğal edilməsi ilə başlanmışdır. Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət olmuşdur. Çar Rusiyası işğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı və bu məqsədlə İrandan və Osmanlı imperiyasından xristian erməniləri planlı şəkildə Cənubi Qafqaza köçürürdü. XX əsrin əvvəllərinədək Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdür.
Sədr onu da əlavə etdi ki, ümumiyyətlə, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan, erməni amilindən çox məharətlə istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazın yerli əhalisinə böyük fəlakətlər gətirmişdir. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları törətmişlər. 2 milyona qədər günahsız insan onların vəhşilik əməllərinin qurbanı olmuşdur.
1905–1907-ci illərdə, habelə 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırıma məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən yüksək zirvəsi olmuşdur. Mart ayının 3 günü ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilmişdir.
Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1920-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur mahalı, Göyçə mahalı, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda, yəni keçmiş Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmamışdır.
Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi ərazilərinin zəbt olunmasına, bu ərazilər hesabına Ermənistan dövlətinin yaradılmasına yönələn siyasət ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında ilk dəfə dövlət səviyyəsində əks olunmuşdur. Fərmanla 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilmiş, azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərin siyasi-hüquqi qiyməti verilmişdir.
Ulu öndərin bu fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir. Hər dəfə biz keçmişə nəzər salanda başımıza gələn fəlakətlərin səbəblərini araşdırırıq. Bu gün hər kəs bu həqiqəti anlayır ki, tarix boyu soyqırım aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli həmrəyliyin möhkəmləndirilməsi məqsədilə böyük işlər aparır. Azərbaycan dövləti gündən-günə daha da inkişaf edir və güclənir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlər layiqli cəzalarına çatacaqlar.
Milli Məclisin Sədri bir məqam üzərində də dayanaraq bildirdi ki, möhtərəm Prezidentimiz İrəvanın, Zəngəzurun və digər ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu dəfələrlə deyib. İndiki Ermənistan Respublikası Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb.
Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə, böyük filosoflardan birinin dediyi kimi, keçmişin şahidi və həqiqətin nurudur.
Milli Məclisin Sədri çıxışının sonunda tarixin hər kəsə layiq olduğu qiyməti verəcəyinə və gec-tez haqq-ədalətin öz yerini tutacağına əminliyini bildirdi.
Sonra Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov azərbaycanlıların soyqırımının 100 illiyinə dair məruzə ilə çıxış etdi. O, soyqırımının tarixi, ağır nəticələri haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb.
Yaqub Mahmudov azərbaycanlılara qarşı soyqırım cinayətlərinin araşdırılması istiqamətində ölkə başçısının təşəbbüsü ilə AMEA-nın Tarix İnstitutunda görülən işlər, çap olunmuş kitablar barədə də ətraflı məlumat verdi. Bildirdi ki, soyqırım cinayətləri barədə həqiqətlərin araşdırılması üçün mərhum tarixçi-alim Sabir Əsədovun əsərlərinin də böyük rolu olmuşdur.
Mövzu ilə bağlı çıxış edən deputatlar Rafael Cəbrayılov, Fəzail Ağamalı, Sahib Alıyev, Rafael Hüseynov, Fazil Mustafa, Əli Hüseynli, Musa Qasımlı, Musa Quliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Cavanşir Feyziyev, Fəzail İbrahimli, Rövşən Rzayev, Fuad Muradov, Tahir Kərimli və İsa Həbibbəyli ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən danışdılar. Qeyd olundu ki, bu cinayətlər bəşər tarixində ən dəhşətli soyqırımlardan biridir. Çıxışlar zamanı deputatlar ölkəmizdə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün rəy və təkliflərini bildirdilər.
Sonra parlament sədrinin müavini Bahar Muradova Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Bəyanatının mətnini oxudu.
Bəyanat səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti