MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
03 aprel 2018 | 06:04   
Paylaşın:        

Aprelin 3-də Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 25 məsələdən ibarət gündəlik təsdiqləndi. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Xaricdə məskunlaşmış bəzi soydaşlarımızın sosial şəbəkələrdə və saytlarda yer alan qeyri-etik çıxışları yolverilməz sayıldı və şiddətlə pisləndi. Çıxışlarda vurğulandı ki, vətənin, xalqın, ordunun şərəf və ləyaqətini qorumaq, milli maraqları və millətin mənafeyini nəzərə almaq siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın borcudur.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Əfqanıstan İslam Respublikası hökuməti arasında hava əlaqəsi haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişləri şərh etdi. Parlament hər iki Sazişi təsdiqlədi.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 3 may 2005-ci il tarixli qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, Komissiyanın əsas vəzifələrinə və əsas hüquqlarına dair maddələrə edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması  məqsədi daşıyır, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda edilmiş dəyişikliklərin ötən ilin oktyabr ayından etibarən tətbiqi ilə əlaqədardır.
Deputatlar qanunun qəbulunu məqsədəuyğun saydılar.
İclasda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim etdi. Nəzərə çatdırıldı ki, sənəd qanunvericiliyin uyğunlaşdırılması  məqsədilə hazırlanıb. Parlament qanun layihəsinə müsbət münasibət bildirdi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda zəruri dəyişiklikləri şərh etdi. Bildirdi ki, hər iki medal milli dövlətçilik atributlarını əks etdirir.
Məsələ müzakirə olundu və qanun qəbul edildi.
Gündəlikdəki növbəti dörd qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Bildirildi ki,  “Banklar haqqında”, “Kredit büroları  haqqında”, “Bank olmayan  kredit təşkilatları haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər 2016-cı ilin oktyabrından etibarən tətbiq olunan “Kredit büroları haqqında” qanunla əlaqədardır. Bu dəyişikliklər banklar tərəfindən borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır.
Plenar iclasda rəy və təkliflər dinlənildi. Səsvermə zamanı deputatlar qanun layihələrinin dördünə də müsbət münasibət bildirdilər.
İclasda Mülki Məcəllədə dəyişikliklərə dair daha bir qanun layihəsinə baxıldı. Qeyd edildi ki, məqsəd hüquqi şəxs adından çıxış edən şəxsin məsuliyyətinin artırılmasıdır. Qanun qəbul olundu. 
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Valyuta tənzimi haqqına” qanunlara təklif olunan dəyişikliklər də müsbət qarşılandı. 
Parlament “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq hazırlanmış iki sənəddə – Ticarət Gəmiçiliyi Məcəlləsində və “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsini də məqsədəmüvafiq saydı. 
Sonra Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş beş məsələyə baxıldı. Qanunvericiliyin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi  baxımından Şəhərsalma və Tikinti Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə məlumat dinlənildi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputatlara məlumat verdi ki, “Tibbi sığorta haqqında” qanunun 12-ci və 16-cı maddələrində aparılan dəyişikliklər “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli Prezident fərmanına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə əlaqədardır, həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır.
Sənəd səsə qoyuldu və qəbul edildi.
Deputatlar İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində, “Fərdi məlumatlar haqqında” qanunun 13-cü, İnzibati Xətalar Məcəlləsinin 28-ci və 43-cü maddələrində edilən dəyişikliklərə də razılıq verdilər.
Sonra parlamentə “Azərbaycan Respublikasinda dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi təqdim olundu. Komitə sədri Əli Hüseynli bildirdi ki, zamanın tələbinə əsasən Azərbaycan qanunvericiliyində mövcud olan daktiloskopik qeydiyyat haqqında qanun genişləndirilib və layihəyə genom qeydiyyatı məsələsi də əlavə olunub. 4 fəsil 21 maddədən ibarət olan bu qanun ölkəmizdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün aparılacaq dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyənləşdirəcək, bu sahədə yaranan ictimai münasibətləri tənzimləyəcək. Qanun cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, həmçinin itkin düşmüş şəxslərin tapılmasında səmərəli nəticə əldə etməyə töhfə verəcək. 
Müzakirə zamanı deputatlar qanun layihəsinin əhəmiyyətini yüksək dəyərləndirdilər. Belə bir vacib sənədin hazırlanmasında əməyi olan DİN əməkdaşlarına təşəkkür bildirildi. Qeyd olundu ki, layihə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə uyğundur. Bu qanun həmçinin miqrasiya proseslərinin tənzimlənməsində, vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Fikir mübadiləsində qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın yekununda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda müzakirəyə çıxarılmış “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Sənəd əsas kimi qəbul edildi və maddə-maddə müzakirəyə başlandı. Deputatlar müsbət fikirlərini, təkliflərini parlamentin diqqətinə çatdırdılar. Qeyd olundu ki, ölkəmizin inkişaf etdiyi, yeni istehsal sahələrinin yarandığı indiki dövrdə peşə təhsilinə çox ehtiyac var. Qanun layihəsində innovasiya və sahibkarlıq fəaliyyəti, müasir dövrün çağırış və inkişaf tendensiyaları da nəzərə alınıb. 
Plenar iclasda “Peşə təhsili haqqında” qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Bugünkü iclasda gedən müzakirələrdə I vitse-spiker Ziyafət Əsgərov, vitse-spiker Valeh Ələsgərov, komitə sədrləri Siyavuş Novruzov, Ziyad Səmədzadə, Əli Hüseynli, Eldar İbrahimov və Fuad Muradov, deputatlar Fazil Mustafa, Ağacan Abıyev, Hikmət Məmmədov, Novruzəli Aslanov, Cavid Qurbanov, Fəzail Ağamalı, Tahir Kərimli, Çingiz Qənizadə, Sahib Alıyev, Rövşən Rzayev, Aytən Mustafayeva, Elmira Axundova, Tahir Rzayev, Elşad Həsənov, Şəmsəddin Hacıyev, Rauf Əliyev, Rəşad Mahmudov rəy və təkliflərini bildirdilər. 
 Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU