ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 aprel 2018 | 07:04   
Paylaşın:        
Aprelin 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. 
Komitənin sədri İsa Həbibbəyli əvvəlcə aprelin 11-də ölkəmizdə Prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı, xalqımızı uğurlu seçim münasibətilə təbrik etdi. 
Sonra komitə sədri bildirdi ki, iclasın gündəliyinə “Peşə təhsili haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxil edilib. İsa Həbibbəyli qanun layihəsinin üçüncü oxunuşu barədə danışaraq bildirdi ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Müzakirəyə çıxarılan bu qanun layihəsinin hazırlanması zamanı bir sıra ölkələrin bu sahədə təcrübəsi öyrənilmiş və nəzərə alınmışdır. Bu qanun ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü, ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək və digər məsələlər daxildir. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
Bildirildi ki, peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Qanuna, bu qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və təhsil ocağının öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
Sonra çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Asim Mollazadə və Musa Qasımlı aprelin 11-də ölkəmizdə Prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçirildiyini qeyd etdilər, xalqımıza uğurlar arzuladılar. Deputatlar  “Peşə təhsili haqqında” qanun layihəsinin üçüncü oxunuşu barədə fikir və təkliflərini səsləndirdilər.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU