MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
17 aprel 2018 | 04:04   
Paylaşın:        

Aprelin 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi.  Əvvəlcə komitə sədri Rafael Hüseynov ölkədə uğurla başa çatan prezident seçkilərində xalqın iradəsi ilə cənab İlham Əliyevin 7 il müddətinə dövlət başçısı seçilməsi münasibətilə xoş arzularını çatdırdı.
Sonra iclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə baxıldı. Bildirildi ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda nəzərdə tutulan dəyişiklik “Hərbi vəziyyət haqqında” 2017-ci il 14 fevral tarixli qanununa uyğunlaşdırılması məqsədi daşıyır. Belə ki, qanunun 18-ci maddəsinə “Fövqəladə hallarla” sözlərindən sonra “və ya hərbi vəziyyətlə” sözləri əlavə edilir.
Məlumat verildi ki, “Hərbi vəziyyət haqqında” qanunun 10-cu maddəsinə və “Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsinə əsasən  müvafiq olaraq hərbi vəziyyət və fövqəladə vəziyyət müddətində rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması nəzərdə tutula bilər. Bununla əlaqədar olaraq, “Telekommunikasiya haqqında” qanunda bəzi dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklərə görə, qanunun 16-cı maddəsinin adına və 16.1 bəndinə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri, eyni zamanda, “Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir” cümləsi  əlavə olunur.
Diqqətə çatdırıldı ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun senzuranın yolverilməzliyi ilə bağlı 7-ci maddəsinə ediləcək əlavəyə əsasən, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.   “Televiziya və radio yayımı haqqında” qanuna da yuxarıda göstərilən hallarda teleradio məlumat və materialları və teleradio yayımını şərtləndirən yeni müddəa əlavə olunur.
“İctimai televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulan dəyişiklər “Reklam haqqında” qanuna uyğunlaşdırılması məqsədi ilə aparılıb. Ayrı-ayrı maddələrdə edilən düzəlişlərə əsasən, “Sosial reklam “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır”, “İctimai yayım proqramlarında yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual və akustik şəkildə fərqlənməlidir”, “Sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtilə yayımlanır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Sponsor reklamında bu  məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır”.  
Qeyd edildi ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunların bəzi maddələrinə “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə olunur və digər lazımi dəyişikliklər edilir. Bu düzəlişlər ölkə Prezidentinin  “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli fərmanına uyğun olaraq aparılıb.
Komitə üzvləri təqdim olunan düzəlişləri dəstəklədilər və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU