İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 aprel 2018 | 06:04   
Paylaşın:        

  Aprelin  20-də Milli Məclisin  İnsan  hüquqları  komitəsinin  növbəti  iclası  keçirildi.  İclası  açan Milli Məclis  Sədrinin müavini, komitə  sədri  Bahar Muradova əvvəlcə  11 aprel – Prezident  seçkilərində  qazandığı  uğurlu   qələbəyə görə Azərbaycanın dövlət  başçısına təbriklərini  çatdırdı. Vitse-spiker bildirdi ki,  Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə müdrik seçim edərək, ölkə prezidenti İlham Əliyevə səs verdi. O, demokratik, şəffaf, ədalətli  seçki  prosesində  iştirakına  görə  hamıya  təşəkkürünü bildirdi və  bu  seçimin  hər  bir  vətəndaşımızın  üzərinə  qoyduğu  vəzifələrdən söz  açdı. 
Sonra Bahar Muradova komitə  üzvü, dəyərli alim  və ictimai xadim Astan  Şahverdiyevin vəfatından olduqca kədərləndiklərini bildirdi, ailəsinə dərin hüznlə başsağlığı verdi.
Daha sonra iclasda Azərbaycan Respublikası İnsan  hüquqları  üzrə  müvəkkilin (Ombudsman) illik məruzəsi dinlənildi.  İclasda iştirak edən  Ombudsman  Aparatının  rəhbəri Aydın Səfixanov  sənədi  təqdim etdi.
Millət  vəkilləri  Əflatun Amaşov, Tahir  Kərimli, Elman Nəsirov, Fazil Mustafa, Hikmət Məmmədov, Flora Qasımova sənədlə bağlı fikirlərini, təklif  və iradlarını  bildirdilər.  Aydın Səfixanov komitə  üzvlərinin suallarını cavablandırdı, maraqlı təkliflərin nəzərə  alınacağını  qeyd  etdi.
Məruzə  komitə  üzvləri  tərəfindən ümumilikdə  yüksək  dəyərləndirildi  və  nəzərə alındı.
Komitədə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi  barədə sənəd də müzakirə  edildi. Bahar Muradova bildirdi ki, qanun layihəsindəki  dəyişikliklər  “Reklam  haqqında” qanuna uyğunlaşdırma  məqsədi ilə aparılıb. 
Parlament Aparatının  Dövlət  quruculuğu üzrə  qanunvericilik şöbəsinin müdiri  Hacı Mirhəşim Seyid qanun layihəsindəki  dəyişikliklərin mahiyyətini açıqladı. Bildirildi ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur. Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur. Millət  vəkilləri  və  dəvət  olunmuş  mütəxəssilər dəyişikliklərin  zəruri olduğunu  vurğuladılar.
Sonra  iclasda “Müəlliflik  hüququ və əlaqəli  hüquqlar  haqqında” qanuna   texniki xarakterli  dəyişikliklərə  baxıldı.
Ətraflı  müzakirələrdən  sonra  hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU