MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
20 aprel 2018 | 05:04   
Paylaşın:        

Aprelin 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi. Komitə sədrləri Ziyafət Əsgərov və Siyavuş Novruzov iclas iştirakçıları adından dövlət başçısı cənab İlham Əliyevin ünvanına yenidən Prezident seçilməsi münasibəti ilə səmimi təbriklərini səsləndirdilər, ölkəmizin daha da güclənməsi naminə gələcək fəaliyyətində uğurlar arzuladılar.
Sonra Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, gündəlikdə bir sıra qanunlara düzəlişlərlə bağlı 16 məsələyə baxılacaq. Dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Diqqətə çatdırıldı ki, İnzibati Xətalar Məcəlləsinə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, 14 fevral 2017-ci il tarixdə “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra Məcəllənin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitində törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir.
Məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmamasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bır sıra səlahiyyətli orqanlar bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil edilmişdir.
Qeyd edildi ki, “Hərbi vəziyyət haqqında” qanunun 26-cı maddəsi qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Bunu nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan 517-2-ci maddə əlavə olunur. Əlavəyə əsasən, xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əlavədə, həmçinin, rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların, gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına tətbiq edilmiş xüsusi qaydaların, hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin və digər hallarda  qaydaların  pozulmasına görə tətbiq ediləcək cərimələr əks olunub.
Bildirildi ki, Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsində cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra artıq cinayətin hərbi vəziyyət zamanı törədilməsi də cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilir.
Əmək Məcəlləsinin 99-cu maddəsində “habelə” sözündən əvvəl “hərbi vəziyyət rejiminin təmin edilməsi” sözləri əlavə edilir. Həmçinin, 134-cü maddəyə “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.
Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.
Nəzərə çatdırıldı ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə  vəziyyət başa çatanadək dayandırıla bilər.
Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb.
Qeyd edildi ki, “Xidməti və mülki silah haqqında” qanunun 19-cu maddəsinin II hissəsi düzəlişdən sonra belə səslənir: “Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının “Fövqəladə vəziyyət haqqında” və  “Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq müvəqqəti götürülməsinə yol verilə bilər.
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 8-ci maddəsində “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə olunur, habelə “Fövqəladə vəziyyət haqqında” qanunu ilə müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilir.
“Müdafiə haqqında” qanunun 5-ci maddəsinin ikinci hissəsinin on ikinci abzasında edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi “Hərbi vəziyyət haqqında” qanuna uyğun olaraq cəbhəboyu zonanın hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Eyni zamanda, qanunun 14-cü maddəsinin 2017-ci ildə qəbul edilmiş  “Hərbi vəziyyət haqqında” qanunun tələblərinə uyğun olaraq yeni redaksiyada verilməsi nəzərdə tutulur.
İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”,  “Telekommunikasiya haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə də məlumat verildi.
Deputatlar Aqil Abbas, Fazil Mustafa, Hikmət Məmmədov, Fərəc Quliyev müzakirəyə təqdim olunan məsələlərə münasibət bildirdilər.
Tədbirin sonunda qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU