MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov dedi: “Aprelin 11-də ölkəmizin həyatında olduqca önəmli hadisə baş verdi. Demokratik və şəffaf şəraitdə keçirilmiş, azad və ədalətli prezident seçkilərində İlham Əliyevin yenidən Prezident seçilməsi dövlətimizin başçısının xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin və sonsuz inamın ifadəsidir.”
Parlament sədri Milli Məclis adından Prezident İlham Əliyevi təbrik etdi, dövlət başçısına qarşıdakı illər ərzində fəaliyyətində uğurlar arzuladı. Spiker bildirdi ki, Prezident İlham Əliyevin andiçmə mərasimini Milli Məclisdə keçirməsi dövlətimizin başçısının parlamentə verdiyi dəyərin və hörmətin göstəricisidir.
Oqtay Əsədovun təklifi ilə Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi qərara alındı.
Sonra Milli Məclis Sədri bildirdi ki, bugünkü iclasın gündəliyinə bir məsələ daxildir. Bu, “Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələdir. Spiker ölkə başçısının bununla əlaqədar təqdimat məktubunu oxudu.
Millət vəkilləri Səməd Seyidov, Siyavuş Novruzov, İsa Həbibbəyli çıxış edərək namizədliyi irəli sürülən Novruz Məmmədovu yüksək peşəkarlıq səviyyəsinə, intellektual savada malik, beynəlxalq münasibətləri və ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti dərindən mənimsəmiş bir insan kimi dəyərləndirdilər. Qeyd olundu ki, o, 22 ildən artıqdır ki, Prezident Administrasiyasında məsul vəzifələrdə çalışır. Hər zaman ölkə maraqlarını beynəlxalq aləmdə müdafiə edib. Dövlətimiz əleyhinə aparılan, həqiqətə uyğun olmayan məlumatlara, yazılara tutarlı cavablar verib. Millət vəkilləri Novruz Məmmədovun namizədliyini dəstəklədilər, ona gələcək fəaliyyətində uğurlar arzuladılar.
Səsvermədən sonra namizədliyinə parlament tərəfindən razılıq verilən Novruz Məmmədov çıxış edərək dedi: “Mənə belə bir etimad göstərdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Bu, çox şərəfli bir fəaliyyət sahəsidir. Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifələr qoyur.
Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşir. Dünyanın müxtəlif ölkələrində siyasi gərginlik yaşanır. Amma belə böhranlı bir mühitdə Azərbaycanda siyasi sabitlikdir. Hər bir sahədə iqtisadi dirçəliş, tərəqqi yaşanır. Azərbaycan ən müxtəlif sahələrdə - siyasətdə, enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda dünyanın heç bir ölkəsi Azərbaycanla rəqabətə davam gətirə bilmir. Bunu qoruyub saxlamaq, bu inkişafı daha da sürətləndirmək lazımdır. Mənim də hər zamankı kimi bundan sonrakı fəaliyyətimdə əsas prinsiplər bu inkişafa və sabitliyə xidmət olacaq.
Mən eyni zamanda Milli Məclisin üzvlərinə də mənə göstərdikləri yüksək etimada görə təşəkkür edirəm. Əminəm ki, gələcəkdə yüksək səviyyədə əməkdaşlıq quracağıq və birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Mən çalışacağam ki, üzərimə qoyulan bu vəzifəni Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində, ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlanaraq davam etdirim. Ölkəmizin davamlı inkişafı üçün əlimdən gələni edim.”
Milli Məclisin Sədri Oqtay Əsədov sonda bir daha Novruz Məmmədovu təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti