İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
23 aprel 2018 | 06:04   
Paylaşın:        

Aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə təbriklərini çatdırdı. Qeyd edildi ki, xalqımız Azərbaycanın dinamik inkişafına, sabitliyə səs verərək, Prezident İlham Əliyevə etimad göstərdiyini növbəti dəfə nümayiş etdirdi.
Ziyad Səmədzadə bildirdi ki, gündəliyə iqtisadi sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda edilən dəyişikliklərə əsasən, 13-cü maddənin 5-ci və 6-cı hissələri yeni redaksiyada verilir. Burada deyilir ki, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qeyd olundu ki, qanuna nəzərdə tutulan düzəlişlər “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə edilib. Bu məqsədlə “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara da  müvafiq düzəlişlər olunub.
İclasda iştirak edən maliyyə nazirinin müavini Emin Hüseynov “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti barədə danışdı. Bildirildi ki, ölkəyə xarici investisiya axınının artırılması, iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini aktuallaşdırıb. Mühasibat uçotunun idarəetmədə mühüm amil olmasını nəzərə alaraq, mühasibat uçotunun daha yüksək səviyyədə aparılması, maliyyə, vergi və digər hesabatların tərtib edilməsinin təkmilləşdirilməsi, peşəkar mühasiblər təbəqəsinin yaradılması məqsədi ilə “Mühasibat uçotu haqqında” qanuna bir sıra dəyişikliklər təklif olunur.
Belə ki, qanuna Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”nın tələblərinin nəzərə alınması, mühasibat uçotu sahəsində fəaliyyət göstərən mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bir sıra yeni anlayışlar əlavə olunub.   
Bildirildi ki, beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün layihədə Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğv edilməsi nəzərdə tutulub.
Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini özündə ehtiva edən müddəaların yeni redaksiyada verilməsi, maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar beynəlxalq standartlara keçidin özündə əks etdirilməsi, habelə beynəlxalq standartlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunan və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sadələşdirilmiş forması olan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı müddəalar layihəyə daxil edilib. Bununla  ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək. Sənəddə peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı məqamlar öz əksini tapıb.
Sonra “Müflisləşmə və iflas haqqında” qanundakı dəyişikliklərə baxıldı. Diqqətə çatdırıldı ki, dəyişikliklər borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və  mexanizmlər yaratmaq məqsədi ilə hazırlanmışdır. Bu, öz növbəsində, iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların tələblərinin daha dolğun ödənilməsinə imkan yaradacaq. Təklif olunan dəyişikliklərdə həmçinin sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələblər  və ərizəyə əlavə olunan sənədlərin dairəsi müəyyənləşdirilir.
Geniş müzakirələr zamanı komitə üzvləri təqdim olunan qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqladılar və sənədləri Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU