MİLLİ MƏCLİSİN İCLASINDA OMBUDSMANIN İLLİK MƏRUZƏSİ DİNLƏNİLDİ

Tədbirlər
24 aprel 2018 | 06:04   
Paylaşın:        
Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra formalaşdırılmış yeni hökumətdə rəhbər vəzifələrə təyin olunmuş deputatlara təbriklərini çatdırdı. Bildirdi ki, Milli Məclis üzvlərinin hökumətdə yüksək vəzifələrə təyin olunması Cənab Prezident İlham Əliyevin parlamentə etimadının göstəricisidir. Sədr buna görə Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə) barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi.   
Bildirdi ki, Muxtar respublika Konstitusiyasının 6 maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir. Layihə birinci dəfə Milli Məclisdə təsdiq olunub və qanunvericiliyə görə 6 aydan sonra ikinci səsverməyə çıxarılır. 
Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ombudsmanın 2017-ci il üçün illik məruzəsini təqdim etdi. 
Bildirdi ki, məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb. 
Qeyd olundu ki, 2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə göndərilib. Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman Aparatına müraciətlər olunub.
Məlumat verildi ki, Ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədə müvafiqdir.
Həmçinin hesabatda sosial şəbəkələrdən istifadə zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub.
Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin, hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.
Müzakirələrdən sonra illik məruzə səsə qoyularaq nəzərə alındı.
Sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verdi. Bildirdi ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Müzakirəyə çıxarılan bu qanun layihəsinin hazırlanması zamanı bir sıra ölkələrin bu sahədə təcrübəsi öyrənilmiş və nəzərə alınmışdır. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
Deputatlar “Peşə təhsili haqqında” qanun layihəsini üçüncü oxunuşda səsə qoyaraq təsdiqlədilər. 
Millət vəkilləri “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə müsbət münasibət bildirdilər.  
Sonra Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərə əsasən sosial evlərin tikintisini həyata keçirən MİDA publik hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun icazəsi alınmadan özbaşına tikinti aparmağa görə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin rayon (şəhər) məhkəmələrinin aidiyyətinə verilməsi təklif edilir. Təklif olunan dəyişiklik səsə qoyularaq təsdiqləndi.  
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki 13 qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, Cinayət, İnzibati Xətalar, və Vergi məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,  “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlara edilən dəyişikliklər “İşsizlikdən sığorta haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Təklif olunan bu dəyişikliklər də ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
İclasda “Müflisləşmə və iflas haqqında” Qanuna təklif olunan dəyişiklikləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırdı.
Bildirdi ki, layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb. Qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının plan əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir.
Layihədə qeyd olunur ki, sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur.
Millət vəkilləri bu qanun layihəsini də səsə qoyaraq təsdiqlədilər.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” Qanun layihəsini birinci oxunuşda  təqdim etdi.
Bildirdi ki, bu sahəni tənzimləyən qanun olsa da, müasir dövrdə yeni qanunun hazırlanmasına ehtiyac yaranmışdı. 5 fəsil, 34 maddədən ibarət olan yeni qanun layihəsində özünüməşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Yeni qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək.
Bildirildi ki, bu qanun qüvvəyə mindiyi gündən “Məşğulluq haqqında” 2001- ci ildə qəbul olunmuş əvvəlki qanun ləğv edilir.
Deputatlar qanun layihəsini konseptual baxımdan yüksək qiymətləndirdilər və birinci oxunuşda səsə qoyaraq qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU