HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Aprelin 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələyə baxıldı.
Öncə komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verdi. Sonra Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid gündəlikdəki 3 Konstitusiya qanununun layihəsini şərh etdi. Bildirdi ki, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Layihələr ətrafında gedən müzakirələrdə qeyd olundu ki, dövlət atributları haqqında Konstitusiya qanunlarının qəbul olunması mühüm hadisədir. Təkliflər dinlənildi.
Komitədə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik də məqsədəuyğun sayıldı.
Fikir mübadiləsindən sonra qərara alındı ki, baxılan qanun layihələrinin dördü də Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.
Milli Məclisin
Mətbuat xidməti