ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 aprel 2018 | 06:04   
Paylaşın:        
Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.  Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib. 
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu. 
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarıldı. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılandı  və Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU