MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasda 33 məsələ müzakirə olunacaq.
Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında məsələyə baxıldı. Deputatlar Azər Badamov və Eldəniz Səlimov Gənclər və idman komitəsinə, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinə üzv seçildilər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi barədə məlumat verdi. Bildirdi ki, 1995-ci ildə Konstitusiyamız qəbul edilərkən orada Dövlət rəmzlərimiz də öz əksini tapıb. Konstitusiyanın tələbinə görə dövlət rəmzləri məhz Konstitusiya qanunu ilə müəyyən edilməlidirlər.
Məlumat dinlənildikdən sonra hər üç qanun səsə qoyularaq (birinci səsvermə) təsdiqləndi.
Sonra deputatlar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif olunan dəyişikliyi müzakirə etdilər. Bildirildi ki, bu medal müstəqil Azərbaycanın ən ali atributlarını özündə əks etdirir.
Çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, Milli Məclis də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazırlaşır. Sədr müavini məlumat verdi ki, Milli Məclisin Sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı yubiley medalının da təsis edilməsi istiqamətində iş gedir.
Bahar Muradova onu da qeyd etdi ki, yubiley ərəfəsində deputat Musa Qasımlının rəhbərliyi ilə alimlər qrupu tərəfindən Azərbaycanın parlamentarizm tarixinə dair iki cildlik kitab hazırlanır. Bu bizim Azərbaycan parlamentarizm tarixinə çox ciddi töhfəmiz olacaqdır. Azərbaycan parlamenti bu 100 illik yubileyi qarşılamaq üçün lazım olan bütün addımları atacaqdır.
Deputatlar bu məsələni də səsə qoyaraq qəbul etdilər.
İclasda “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan texniki dəyişiklik də təsdiq edildi.
Yuxarıda sadalanan məsələlərin müzakirəsində çıxış edən deputatlar Rafael Hüseynov, Fazil Mustafa, Zahid Oruc, Əflatun Amaşov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Fərəc Quliyev, Araz Əlizadə layihələr barədə fikirlərini söylədilər, qeyd və təkliflərini verdilər.
Sonra çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəlikdəki növbəti 16 məsələ “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədardır və uyğunlaşdırma xarakteri daşıyır.
Deputatlar Qüdrət Həsənquliyev və Çingiz Qənizadənin fikirləri dinlənildikdən sonra sözügedən 16 qanuna - İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya məcəllələrinə, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” və “Müdafiə haqqında” qanunlara dəyişikliklər edildi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar, Cinayət-Prosessual, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə təklif olunan dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, bu dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilir və məhkəmə sisteminin daha da inkişafını özündə ehtiva edir.
Millət vəkilləri dəyişiklikləri səsə qoyaraq qəbul etdilər.
Məlumat verildi ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişikliklər isə qanunvericilikdəki bəzi ziddiyyətli məqamların aradan qaldırılması üçündür. Bu dəyişikliklər də səsə qoyularaq təsdiqləndi.
Qeyd olundu ki, cəzaların humanistləşdirilməsi və azadlığın məhdudlaşdırılması cəza növünün tətbiq olunması ilə əlaqədar olaraq Cəzaların İcrası, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Narkoloji xidmət və nəzarət haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur.
Deputatlar bu dəyişiklikləri də təsdiqlədilər.
İclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi də birinci oxunuşda müzakirə olundu.
Layihə barədə məlumat verən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə bildirdi ki, bu qanun ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.
Milli Məclisin komitə sədri Eldar İbrahimovun layihə barədə fikirləri dinlənildikdən sonra deputatlar qanun layihəsini birinci oxunuşda səsə qoyaraq konseptual baxımdan qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti