KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
02 may 2018 | 06:05   
Paylaşın:        

Mayın 2-də Milli Məclisdə İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirildi. İclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələ dinlənildi.
Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə fikirlərini açıqladı. Qeyd etdi ki, insanın mənəviyyatına və ləyaqətinə qarşı yönəldilmiş olduğundan insan alveri ən ağır cinayətdir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ciddi işlər görülür. Mübarizənin səmərəliliyini təmin etmək üçün Azərbaycan parlamenti ötən illər ərzində müvafiq hüquqi baza formalaşdırıb,  qanunvericilik zənginləşdirilib.
Sonra iclasda Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin rəisi Heydər Heydərov Milli Koordinatorun illik məlumatını təqdim etdi. Bildirildi ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan insan alveri ilə mübarizə ildən-ilə güclənir. Ötən il dünya miqyasında bu tip cinayətlərdə təqsirli bilinən 9 mindən çox şəxsə ittiham hökmü çıxarılıb.
İnsan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açan məruzəçi vurğuladı ki, 2017-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib. Cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq ölkə Prezidentinə təqdim olunub.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub.
İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər.
Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb.
Uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə polis orqanları tərəfindən reydlər keçirilib, küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib. 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb. Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərində fəaliyyət göstərən müvafiq sığınacaqlarda   hüquqi və psixoloji yardımlar göstərilib.
2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib.  
İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb, 33 şəxs məhkəməyə verilib. Onlardan 29-u barəsində ittiham hökmü çıxarılıb.
İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb. Bütövlükdə 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə QHT-lərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.
Məlumatın yekununda qeyd olundu ki, beynəlxalq ekspertlərin rəyinə görə, insan alveri kriminal biznesin ən mənfəətli növlərindən olmaqla il ərzində 32 milyard dollara yaxın gəlir gətirir və hər il dünyada 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir. Bu acı reallıqla mübarizə aparmaq, təhlükələri qabaqlamaq üçün müasir dünyada  hər bir ölkə kimi Azərbaycan da öz potensialından maksimum istifadə edir.
Komitələrin birgə iclasında məlumat dinlənildikdən sonra müzakirələr başlandı. Hər iki komitənin üzvləri rəylərini bildirdilər,  narahatlıq doğuran hallardan söz açdılar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar  Fəzail Ağamalı, Hikmət Məmmədov, Çingiz Qənizadə, Tahir Kərimli, Elşən Musayev konkret təkliflərini də diqqətə çatdırdılar. DİN rəsmisi Heydərov deputatları maraqlandıran suallara cavab verdi.
Fikir mübadiləsinin yekununda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU