ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
02 may 2018 | 06:05   
Paylaşın:        

Mayın 2-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, qanunvericilik təşəbbüsü qaydasında dövlət başçısı tərəfindən bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı parlamentə sənədlər daxil olub. Qanunlara təklif olunan dəyişikliklər 2017-ci il 14 aprel tarixində qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Məlumat verildi ki, Əmək Məcəlləsinin 118-ci maddəsində göstərilən əmək məzuniyyətinin 42 təqvim günü müddətinə verilən işçilər siyahısına təklif olunan dəyişikliyə əsasən, bu hal uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara aid edilir. Bu düzəliş, eyni zamanda, bu sahədə çalışan və siyahıya əlavə edilən digər işçilərin də hüquqlarının müdafiəsinə xidmət edir.
Bildirildi ki, “Təhsil haqqında” qanunun 14.5.1-ci maddəsində “xüsusi uşaq bağçası” sözləri “və “Məktəbəqədər təhsil haqqında” qanuna uyğun olaraq, digər məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilir. 18.3-cü maddədə edilən düzəlişə görə, ölkədə məktəbəqədər təhsil üç yaşdan başlayaraq deyil, 1-6 yaşlı uşaqları əhatə edir. Qanuna əlavə edilən 18.7-ci maddədə isə deyilir ki, məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu qanun və “Məktəbəqədər təhsil haqqında” sənədlə tənzimlənir.
Diqqətə çatdırıldı ki, bir sıra qanunlarda vaxtı ilə istifadə edilmiş terminlərin “Məktəbəqədər təhsil haqqında” qanunda istifadə olunan terminlərə uyğunlaşdırılması nəzərdə tutulur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunun 13-cü maddəsində “orta peşə-ixtisas və texniki-peşə təhsili” sözləri “ilk peşə-ixtisas təhsili və əlavə təhsil” sözləri ilə, “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilir. Həmçinin, “Yanğın təhlükəsizliyi haqqında” qanunda “məktəbəqədər tərbiyə müəssisələri”, “ümumtəhsil məktəbləri” terminləri “məktəbəqədər və ümumi təhsil müəssisələri” termini ilə əvəz olunur.
Qeyd olundu ki, “Məktəbəqədər təhsil haqqında” qanunun qəbulu ilə əlaqədar  “Dövlət qulluğu haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlara da bəzi texniki dəyişikliklər edilib.
İclasda çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Asim Mollazadə, Sona Əliyeva, Gövhər Baxşəliyeva, Kamilə Əliyeva, Elşad Həsənov təklif olunan dəyişikliklərin zamanın tələbi baxımından əhəmiyyətli olduğunu, təhsilin inkişafına xidmət edəcəyini söylədilər. Fikir mübadiləsi zamanı  deputatların səsləndirdikləri bəzi suallara komitə sədri tərəfindən aydınlıq gətirildi.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Sonra İsa Həbibbəyli diqqətə çatdırdı ki, “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Bununla bağlı işçi qrupunun yaradılması planlaşdırılır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU