DƏRMAN TƏHLÜKƏSİZLİYİ PRİORİTET MƏSƏLƏDİR

Komitə iclasları
03 may 2018 | 04:05   
Paylaşın:        

Mayın 3-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Gündəlikdə iki məsələnin olduğunu deyən komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna edilən dəyişiklik redaktə xarakterlidir və “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
 İkinci məsələnin vacibliyini önə çəkən Səhiyyə komitəsinin sədri vurğuladı ki, təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir. Əhalinin yüksək keyfiyyətli dərmanla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan son illərdə apteklərdəki qiymətlər optimallaşdırılıb, dərmanların keyfiyyətinin yoxlandığı laboratoriyanın maddi-texniki bazası yenilənib və keyfiyyətə nəzarət artırılıb, ölkəyə saxta dərman vasitələri gətirib satdıranların cinayətkar əməlləri aşkara çıxarılıb.
 Əhliman Əmiraslanov bildirdi ki, neqativ halların qarşısını almaq, əhalinin dərman təchizatını günün tələbləri səviyyəsində qurmaq üçün “Dərman vasitələri haqqında” qanunun təkmilləşməsinə ehtiyac vardı. Bu məqsədlə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrupu yaradıldı. Səhiyyə, Ədliyyə və İqtisadiyyat  nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, “Avromed” şirkətinin nümayəndələri də həmin işçi qrupa cəlb olundu. 
 İclasda İşçi qrupun hazırladığı “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi barədə” məsələni təqdim edən Musa Quliyev bildirdi ki, qüvvədə olan “Dərman vasitələri haqqında” qanuna 2006-2017-ci illər ərzində 14 dəfə günün tələblərindən irəli gələn dəyişikliklər edilib. Hazırda müzakirəyə çıxarılan layihə 15-cidir. Cəmi 19 maddədən ibarət olan qanunun 10 maddəsinə 30 dəyişiklik və əlavə nəzərdə tutulub.
Musa Quliyev həmin dəyişiklikləri ətraflı şərh etdikdən sonra komitədə fikir mübadiləsi aparıldı. Deputatlar Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva, Kamaləddin Qafarov, Məlahət İbrahimqızı yeni layihənin mütərəqqiliyini qeyd etdilər. İnam ifadə olundu ki, "Dərman vasitələri haqqında" qanunda aparılan dəyişikliklər bu sahədə ciddi dönüş yaradacaq, saxta dərman vasitələrinin bazara çıxarılmasının qarşısını alacaq. Çıxışlarda bir sıra təkliflər də səsləndi.
Müzakirədə iştirak edən işçi qrupun üzvlərindən Səhiyyə Nazirliyinin nümayəndələri Elxan Əzizov, Murad Süleymanov, Pərviz Əzizbəyov qanun layihəsi üzərində intensiv iş aparıldığını, praktikada rast gəlinən halların qanunla tənzimlənməsi vacibliyini qeyd etdilər.
Yekunda komitə sədri Əhliman Əmiraslanov qanun layihəsini hazırlayan İşçi qrupa təşəkkürünü bildirdi. İclasda baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
 
 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU