MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 4-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi.
Öncə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki 4 məsələni təqdim etdi. Qeyd olundu ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda, eləcə də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsindən məqsəd ombudsmanın, deputatların və bütün hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılmasıdır.
Parlament həmin qanun layihələrinə müsbət münasibət bildirdi.
Sonra İclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələyə baxıldı. Daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov parlamentdə geniş məruzə etdi.
Bildirildi ki, XXI əsrin təhdid və çağırışlarından olan insan alveri ilə mübarizədə dünya birliyinin səyləri problemin qloballığı baxımından ötən il daha da gücləndirilib. Əvvəlki illərlə müqayisədə daha çox – 14 min 897 fakt və 66 min 520 qurban müəyyən edilib. Təqsirkar şəxslər barəsində məhkəmələr tərəfindən 9 min 71 ittiham hökmü çıxarılıb. Ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda insan alverinə qarşı mübarizədə Milli Fəaliyyət Planında təsbit edilmiş bütün tədbirlər əlaqədar qurumların iştirakı ilə 2017-ci ildə də tam yerinə yetirilib.
İlk növbədə qlobal çağırışlara cavab verən qanunvericilik bazasından söz açan məruzəçi vurğuladı ki, insan alverinə qarşı mübarizənin səmərəliliyini təmin etmək üçün Azərbaycan parlamenti ötən illər ərzində formalaşdırdığı hüquqi bazanı hesabat ilində daha da zənginləşdirib. Bu amil hüquqazidd əməllərə və insan alverinə qarşı tərəfdaş ölkələrlə birgə fəaliyyət üçün yeni imkanlar açıb.
Hesabat dövründə cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri aparılıb. Vətəndaş cəmiyyəti institutları ilə əlaqələr gücləndirilib. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə filmlər çəkilərək nümayiş etdirilib.
Vilayət Eyvazov qeyd etdi ki, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər. Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb. Onların təqdim etdikləri ümumi dəyəri 104 min manat olan 16 layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.
Uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə polis orqanları tərəfindən reydlər keçirilib, küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib. 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb. Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərində fəaliyyət göstərən müvafiq sığınacaqlarda ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib.
2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti aşkarlanıb. İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 26 fakt aşkara çıxarılıb. 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb, 33 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub. Onlardan 29-u barəsində ittiham hökmü çıxarılıb.
İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb. Bütövlükdə 68 qurban sosial xidmətlərlə təmin olunmaq üçün QHT-lərə və İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.
Çıxışının sonunda Milli Koordinator Vilayət Eyvazov insan alverinə qarşı mübarizədə dövlət siyasətinin həyata keçirilməsinə böyük fayda gətirən səmərəli əməkdaşlığa görə millət vəkillərinə, vətəndaş cəmiyyəti institutlarına və milli medianın nümayəndələrinə dərin minnətdarlıq bildirdi.
İllik məlumat dinlənildikdən sonra parlamentdə müzakirələr başlandı. Deputatlar Fazil Mustafa, Zahid Oruc, Fəzail Ağamalı, Sahib Alıyev, Siyavuş Novruzov rəy və təkliflərini bildirdilər. Milli Koordinatorun illik məlumatı səsə qoyuldu və nəzərə alındı.
Sonra iclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunvericiliyin uyğunlaşdırılması baxımından “Torpaq islahatı haqqında” qanunda və Torpaq Məcəlləsində dəyişiklikləri şərh etdi. Bildirdi ki, bu zərurət “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda ötən ilin sonunda edilmiş dəyişikliklə əlaqədar meydana gəlib.
Hər iki qanun qəbul edildi.
Plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisə bir zərfdə daxil olmuş 6 qanun layihəsini şərh etdi. Bildirildi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişikliklər edilməsi bu qanunvericilik aktlarının “Reklam haqqında” qanuna uyğunlaşdırılması vacibliyindən irəli gəlib.
Deputatlar Elmira Axundova, Musa Quliyev, Çingiz Qənizadə, Əflatun Amaşov, Qənirə Paşayeva, Aqil Abbas, Zahid Oruc, Hikmət Məmmədov, Siyavuş Novruzov qanun layihələrinə dair fikirlərini açıqladılar. Dəyişikliklərin çox vacib məsələləri əhatə etdiyi vurğulandı. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışlara münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti 7 qanun layihəsini Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov təqdim etdi. Bildirdi ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara edilən dəyişikliklər Azərbaycan Prezidentinin 24 noyabr 2016-cı il tarixli Fərmanına əsasən “mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılması ilə əlaqədardır. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Prezident Fərmanına uyğunlaşdırma məqsədi daşıyır.
Səsvermə zamanı deputatlar bu qanunların qəbul edilməsini məqsədəuyğun saydılar.
Parlament idarəetmədə mühüm amil olan mühasibat uçotuna dair qanun layihəsinə də baxdı. Qeyd olundu ki, ölkəyə xarici investisiya axınının artırılması, iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini aktuallaşdırıb. Bu baxımdan “Mühasibat uçotu haqqında” qanuna təklif olunan dəyişikliklər razılıqla qarşılandı.
Qanun layihələrinin müzakirəsində Qüdrət Həsənquliyev, Ülviyyə Həmzəyeva, Aydın Hüseynov rəy və təkliflərini bildirdilər.
Gündəlikdəki növbəti iki qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. İclasda “Sosial sığorta haqqında” qanuna edilən redaktə xarakterli dəyişiklik qəbul olundu.
Sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Sənəd əsas kimi qəbul edildi. Deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Araz Əlizadə, Məlahət İbrahimqızı rəy və təkliflərini bildirdilər.
Parlamentdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov səslənən təkliflərə münasibət bildirdi, deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi.
Fikir mübadiləsindən sonra 8 fəsil 40 maddədən ibarət qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclis bugünkü iclasını başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti