AVROPA İTTİFAQI-AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN XV İCLASI İŞƏ BAŞLADI
Mayın 7-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası işə başladı.
İclasda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Sahibə Qafarova, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Flora Qasımova, Elman Nəsirov, Kamran Bayramov, Azər Kərimli, Asim Mollazadə, Kamilə Əliyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və komitənin Avropadan olan üzvləri iştirak edirdilər.
İclası açan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev komitənin işinə uğurlar arzuladı, aparılacaq müzakirələrin faydalı olacağına əminliyini bildirdi.
Sonra çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim Avropa İttifaqı-Azərbaycan münasibətlərinin zamanın nəbzini tutaraq inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, Avropa İttifaqı Azərbaycan üçün vacib ticarət tərəfdaşıdır. Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi Avropa İttifaqı üçün böyük maraq kəsb edir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri sülh şəraitində yaşayır. Bu, ölkənin tolerantlığından xəbər verir.
Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə danışan Sayyad Kərim diqqətə çatdırdı ki, görüşdə əməkdaşlığın bir sıra sahələri barədə maraqlı müzakirələr oldu, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.
Həmsədr iclasın işinə uğurlar arzuladı.
Açılış nitqlərindən sonra iclasın Birinci sessiyası işə başladı.
Öncə sessiyanın gündəliyi qəbul olundu. 2-3 may 2017-ci ildə Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının stenoqramları təsdiqləndi.
Sonra məruzələr dinlənildi. Sessiyada “Azərbaycan - Aİ arasında hərtərəfli saziş ilə bağlı danışıqlarda hazırkı vəziyyət” barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev geniş məruzə etdi. İndiyədək ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qeyd olundu. Bildirildi ki, 3 gün əvvəl videokonfrans vasitəsilə hərtərəfli sazişə dair son danışıqlar aparılıb və bir sıra sahələrə dair razılıq əldə olunub. Məruzədə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda bir sıra Avropa şirkətlərinin qanunsuz fəaliyyət göstərdiyi, həmin ərazilərdə müxtəlif məhsulların hazırlanaraq Ermənistan malı kimi Avropa bazarlarına çıxarıldığı diqqətə çatdırıldı və buna etiraz bildirildi.
Tədbirdə “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusunda geniş məruzə edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov sessiya iştirakçılarına son 100 ildəki dövlətçilik tariximizdən söhbət açdı. Bugünkü Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu xatırlatdı. 70 illik totalitar sovet rejimindən sonra 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən ölkəmizdə əsaslı islahatlar aparıldığını vurğuladı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik cəmiyyət qurulduğu, iqtisadiyyatın liberallaşdırıldığı, söz və mətbuat azadlığına meydan verildiyi, siyasi dialoqun genişləndirildiyi barədə ətraflı məlumat verdi.
Birinci sessiyanın növbəti məruzəsi “İqtisadi əməkdaşlıq: enerji və nəqliyyat” mövzusuna həsr olunmuşdu. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın mühüm yeri olduğunu vurğulayan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizin neft-qaz ehtiyatlarının Avropanın enerji təminatında əhəmiyyətli rol oynadığını bildirdi. Müstəqillik illərində bağlanmış neft müqavilələri barədə qonaqlara ətraflı məlumat verdi. Geniş məruzəsində vitse-spiker enerji və nəqliyyat sahəsində Avropa ilə əməkdaşlığın dərinləşdirilməsində qanunvericilik təminatının müstəsna rol oynadığını xüsusi qeyd etdi.
Sessiyada məruzələr ətrafında müzakirələrdə nümayəndə heyətinin üzvlərindən Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktor Lük Devin, Avropa üçün Liberal və Demokratların Alyansının nümayəndəsi xanım Anneli Yaateenmaki, Yaşıllar qrupu, Avropa Azad Alyansının təmsilçisi xanım Heydi Hautala, Avropa Xalq Partiyasının üzvü xanım Ramona Manesku, Qonşuluq və genişləndirmə danışıqları üzrə Baş idarənin rəhbəri Vassilis Maraqos, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Azər Əliyev, Milli Məclisin deputatları Çingiz Qəınizadə, Kamran Bayramov, Asim Mollazadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Cavanşir Feyziyev və Sayyad Kərim yaxından iştirak etdilər. Məruzəçilər onlara ünvanlanan suallara ətraflı cavab verdilər.
Sabah Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası ikinci sessiyada işini davam etdirəcək.
Milli Məclisin
Mətbuat xidməti