AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
Mayın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Milli Məclisin sədri bildirdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmiz bu təşkilatla 1999-cu ildə qüvvəyə minmiş əməkdaşlıq və tərəfdaşlığa dair saziş çərçivəsində uğurla əməkdaşlıq edir. 2017-ci ildən başlayaraq isə yeni saziş üzərində iş gedir və yaxın vaxtlarda yekunlaşacaq.
Milli Məclisin sədri diqqətə çatdırdı ki, bu gün Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası işə başlayacaq. İnanırıq ki, bu cür toplantılar və qarşılıqlı səfərlər münasibətlərimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.
Sədr bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Bu sahədə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələri mühüm əhəmiyyətə malikdir.
Sayyad Kərim bu görüşə və qonaqpərvərliyə görə Milli Məclisin Sədri Oqtay Əsədova dərin minnətdarlığını bildirdi. Qonaq Azərbaycanın müstəqilliyinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzuladı. Qonaq Avropa İttifaqı ilə Milli Məclisin əməkdaşlığının inkişafından məmnunluğunu ifadə etdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olundu.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ölkəmizin Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti