MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
06 iyun 2012 | 05:06   
Paylaşın:        

  İyunun 6-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi.  Komitə sədri Nizami Cəfərov bildirdi ki, gündəliyə “İctimai Televiziya və radio yayımı haqqında” qanuna  dəyişikliklər  edilməsi barədə  sənəd  daxil edilib. O, qanun layihəsi barədə  məlumat verərək dedi ki, sözügedən qanunun bir neçə maddəsinə dəyişiklik təklif olunur ki, bunlardan da biri “İctimai yayımçının hüquqi statusu” ilə bağlı maddəyə aiddir. Həmin maddəyə dəyişiklikdə təklif olunur ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edilə bilər. Digər  bir maddəyə təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, ictimai yayımçının əmlakı ancaq yeniləşdirilmək məqsədi ilə satıla bilər. Qanun layihəsinə  əsasən  ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.
 İclasda deputatlardan Rafael Hüseynov, Jalə Əliyeva, Leyla  Abdullayeva çıxış edərək maarifləndirmə xarakteri daşıyan xarici serialların, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması barədə dəyişikliyi  dəstəklədilər.  Qeyd  olundu ki,   bugünkü  layihədə  nəzərdə  tutulan dəyişikliklər İctimai Televiziyanın inkişafına  böyük təkan verəcək.
Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli öz  çıxışında bildirdi ki, İctimai  televiziya yarandığı vaxtdan keçən çox qısa  müddət  ərzində  tamaşaçıları  özünə  cəlb edə bildi. Artıq  özünü təsdiqləmiş, həyatımızın  bir  hissəsinə  çevrilmiş  bu  televiziya artan templə inkişaf  etməkdədir və daim öz səviyyəsini qoruyur. Şura sədri televiziyanın fəaliyyətində ortaya  çıxan bəzi problemləri aradan qaldırmaq üçün  bugünkü  sənədin  qəbulunun çox əhəmiyyətli olacağını vurğuladı.
İclasda iştirak edən İctimai televiziyanın baş direktor müavini Elman Qədirli belə bir sənədin hazırlanmasına görə komitə üzvlərinə televiziya kollektivi adından minnətdarlığını ifadə etdi, layihə ilə bağlı təkliflərini bildirdi.
Geniş müzakirələrdən sonra sənədin yekdilliklə Milli Məclisin  növbəti plenar  sessiyasının  müzakirəsinə  çıxarılması qərara  alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU