AVROPA İTTİFAQI – AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIĞI KOMİTƏSİNİN XV İCLASINDA

Tədbirlər
08 may 2018 | 06:05   
Paylaşın:        

Mayın 8-də  Milli Məclisdə Avropa  İttifaqı - Azərbaycan  Parlament  Əməkdaşlığı  Komitəsinin 15-ci iclası öz işini davam  etdirdi.
İclası açan deputat, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirdi ki, bu gün toplantıda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, regional əməkdaşlıq  məsələləri  müzakirə  ediləcək.
Əvvəlcə mövzu ilə əlaqədar Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev çıxış edərək vurğuladı ki,  Azərbaycan nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub.  Ölkəmizdə  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri uğurla həyata keçirilib. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan regional layihələrin ən fəal iştirakçılardandır. Amma Dağlıq Qarabağ münaqişəsinin hazırkı  durumu  ölkəmizin iqtisadi inkişafını əngəlləyir.  Münaqişənin  Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları  çərçivəsinə həllinə dair BMT, Avropa parlamenti və digər beynəlxalq qurumların qətnamələri  icra edilmir. Beynəlxalq qurumların problemlə bağlı ikili starndartlarının nəticəsi olaraq, işğalçı tərəfə sanksiyalar tətbiq olunmur. Kamil Xasıyev işğal olunmuş ərazilərdə Avropa İttifaqı ölkələrinin şirkətlərinin qanunsuz fəaliyyət göstərdiyini də nəzərə çatdırdı.
Sonra  iclasda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış etdi. Birinci vitse-spiker  Azərbaycanın qonşu ölkələrlə regional, iqtisadi əməkdaşlığı inkişaf etdirdiyini, beynəlxalq enerji və nəqliyyat layihələrini yüksək  səviyyədə icra etdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, Ermənistanın işğalçılıq siyasəti region ölkələrinin təhlükəsizliyinə ciddi təhdiddir. Bu gün Ermənistanda terror dövlət siyasətinə çevrilib. Bu ölkə beynəlxalq hüququ qulaq ardına vurur. Ermənistana sanksiyalar tətbiq etməyə Avropa  İttifaqına  kim mane olur? İşğal olunmuş ərazilərdə narkotik maddələr yetişdirilərək Avropaya nəql olunur. Bu, təkcə Azərbaycanın problemi deyil, həm də Avropanın problemidir.
Millət  vəkilləri Səməd  Seyidov, Asim Mollazadə, Flora  Qasımova, Elman Nəsirov, Sahibə Qafarova  da Dağlıq Qarabağ münaqişəsinin durumu ilə bağlı çıxış edərək öz fikirlərini bildirdilər.  Bu ədalətsizliyə dözməyin artıq  mümkün olmadığını  vurğuladılar, bir milyona  yaxın  soydaşımızın öz  doğma  ocağında  qaçqın və məcburi  köçkünə  çevrildiyini dilə  gətirdilər, onların problemlərindən söz açdılar.
Toplantıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim təmsil etdiyi qurumun həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və tanımağa da davam edəcəyini bildirdi.
Avropa parlamentinin vitse-spikeri Hadi  Hautala münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını dilə gətirdi.
Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və genişlənmə danışıqları üzrə Baş İdarəsinin rəhbəri Vassilis Maraqos çıxışında vurğuladı ki, qurumun Azərbaycandakı nümayəndəliyi vasitəsilə Azərbaycana yardım edilir. Bu il  burada nəqliyyat sahəsində investisiya proqramları həyata keçiriləcək. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı “Şərq Tərəfdaşlığı” ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək. O, Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini xüsusi vurğuladı. “Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xdmət ixrac etmir ”.
“Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda müzakirələrdə bildirildi ki, ölkəmiz regional əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynayır. Şimal-cənub nəqliyyat dəhlizi çəkilir, yaxın zamanlarda TAP  və TANAP enerji layihələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
Cavanşir  Feyziyev  yekun çıxışında bu müzakirələrin qurumla ölkəmiz arasında əlaqələrin inkişafına xüsusi töhfə olacağını,  qarşıdakı əməkdaşlıq üçün yeni zəmin yaratdığını vurğuladı: “Azərbaycan gözləyir ki, Avropa İttifaqının digər işğal olunmuş ərazilərdə tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq olunsun. Avropa İttifaqı mal və xidmətlərin işğal olunmuş ərazilərə çatdırılmasının qarşısını ala bilər. Avropa İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarsısını almalıdır, Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir.”
Sonra  iclasda  Birgə Bəyanat və tövsiyələr müzakirə olundu.
Bildirildi ki, Birgə Bəyanata əməkdaşlıqla bağlı müddəalar daxil edilib.  Bəyanat səsə qoyularaq qəbul edildi.
Tədbirin  sonunda mətbuat  konfransı  keçirildi və həmsədrlər  tərəfindən  jurnalistləri maraqlandıran  suallara ətraflı cavablar verildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU