MİLLİ MƏCLİSİN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLDİ
Mayın 10-da Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar iclası keçirildi. İclası açan Sədr Oqtay Əsədov ulu öndərin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən məruzə ilə çıxış etdi.
Spiker dedi: “Filosoflardan birinin dediyinə görə, xalqın yaradıcılıq qüvvəsinin əsasını böyük şəxsiyyətlərin fəaliyyəti təşkil edir. Hər tarixi inkişaf dövrü öz görkəmli şəxsiyyətlərini yaradır. Amma elə şəxsiyyətlər də var ki, zamanın hüdudlarını aşaraq, yaşadıqları dövrün simasını özləri müəyyən edirlər.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti vətəninin və millətinin taleyində müstəsna rol oynayan nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.
Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində dövlətimizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuşdur. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq əsl milli lider olduğunu sübuta yetirmişdir.
1969–1982-ci illərdə ulu öndərin dahiyanə idarəçilik qabiliyyəti və strateji təfəkkürü sa¬yə¬sində Azərbaycan, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. O, Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür və həll edirdi. Ulu öndər bütün dövlət haki¬miy¬yəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, so¬sial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaş¬ma¬sına yönəltdi.
Partiya lideri olmaqla yanaşı, o, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı oldu. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mü¬hüm qərar qəbul etdi. Heydər Əliyevin rəhbərliyi ilə Konsti-tusiya komissiyasının hazırladığı və 1978-ci ilin aprelində qəbul edil¬miş Azərbaycan SSR-in yeni Konstitusiyası möv¬cud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvət¬lərinin qorunması və inkişaf etdi¬ril¬məsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Azərbaycanda orta pillə hərbi kadrlar hazırlayan tədris müəssisəsi – C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.
Hərbi məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərcə azərbay¬canlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəb¬lə¬rinə təhsil almağa göndərildi. O dövrdə hazırlanan kadrlar sonralar ordumuzun özəyini təşkil etdilər.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan ver¬di. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza bax¬mayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstə¬qil¬liyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.
1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosu¬nun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və¬zifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl in¬kişafı üçün əlindən gələni edirdi. Onun Moskvada haki¬miy¬yətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmən¬çilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi.
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin Sovetlər Bir¬liyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçi¬rilməsi yolunda ilk addım oldu.
...Mən burada bir məsələnin üzərində dayanmaq istəyirəm. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında müstəsna və həlledici rol oynayır. Bu həqiqəti xalqımız 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etmişdir. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğ¬run¬da mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı.
O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və müstəqilliyini qoruyub sax¬¬layacaqdır. Amma tarixin şahid olduğu vətəndaş fədakarlığı, siyasətçi hünəri Azərbaycan üçün yazılmış ssenarilərin həyata keçməsinə imkan vermədi.”
Sədr sonra çıxışında bildirdi ki, ən böyük milli sərvət olan dövlət müstəqilliyini xalqımız XX əsrdə iki dəfə əldə etmişdir. 1918–1920-ci illərdə mövcud olmuş, xalqımızın dövlətçilik şüurunun inkişafında müstəsna rol oynamış Azərbaycan Xalq Cüm¬huriyyətini qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın nail olduğumuz dövlət müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə xilas edilmişdir.
Azərbaycanın ikinci dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 1993-cü il iyunun 15-dən başlanır. Tamamilə məntiqlidir ki, sonralar ölkənin ali qanunvericilik or¬¬qanı xalqın arzu və istəklərini nə¬¬zərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Ulu öndər Prezident seçilənədək dörd ay parlamentə rəh¬bərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada baş¬lanmışdır.
Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzu¬nu yüksək səviyyəyə qaldırdı. Müasir peşəkar parlamentin formalaşması istiqamətləri müəyyən edildi. Milli Məclis müzakirələrin açıq və demokratik şəraitdə aparıldığı real hakimiyyət orqanına çevrildi. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul edildi.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sə¬daqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa ha¬zır olmaq nümunəsidir. 1993-cü ildən 2003-cü ilə¬dək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ulu öndərin xilaskarlıq missiyasında ilk addı¬mı ölkə¬ni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu.
Torpaqlarımızı müdafiə etməyə qadir olan mil¬li ordunun yaradılması ən mühüm vəzifələrdən biri kimi irəli sürüldü. Bu istiqamətdə həyata keçirilən qəti tədbirlər döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.
Milli ordumuzdan aldığı qüvvətli zərbələr Ermənistan Respublikasını Azərbay¬canla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. Cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.
Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edil¬¬di. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyası¬nın həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azər¬baycan sek¬torundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkət¬ləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyya¬tına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazar¬la¬rına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tət¬biq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz ardıcıl inkişaf yoluna çıxdı.
Azərbaycan mötəbər beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü oldu, dünyanın əksər dövlətləri ilə dostluq münasi¬bət¬ləri quruldu.
Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quru¬culuğuna, qanunun aliliyinə təminat verən yeni Konsti¬tu¬siya qəbul edildi, demokratik şəraitdə bir neçə dəfə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.
Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıl¬dı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzası¬nın ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin bey¬nəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Cəmiyyətdə siyasi plüralizm üçün real şərait təmin edildi. Ən müxtəlif baxışları təmsil edən siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradıldı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Parti-yası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədə¬biyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər gö¬rüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları na¬minə milli həmrəyliyin yaradılması istiqamətində əməli ad¬dım¬lar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaş¬larımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatları¬nın yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənə halını aldı.
Bu möhtəşəm işlərin reallaşdırılmasında Milli Məclis həmişə ulu öndərin yanında olmuş, onun uzaq¬görən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir. Yeri gəlmişkən, qeyd edim ki, Heydər Əliyev dövlət başçısı olduğu dövrdə də parlamentə böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də ulu öndər birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclis ulu öndərin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir. Burada ilk növbədə yeni məcəllələrin – Mülki, Mülki-Prosessual, Cina¬yət, Cinayət-Prosessual, Seçki, Əmək, Ailə və digər məcəl¬lə¬lə¬rin qəbulu xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, ölkədə əsaslı islahatların qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəl¬ən 1500-ə qədər qanun, qərar və digər aktlar ulu öndərin imzası ilə parlamentə təqdim edilmiş və geniş mü¬zakirələrdən sonra qəbul edilmişdir. Beləliklə, Azərbay¬ca¬nın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quru¬culuğu üçün bütün təminatlar yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli¬yev ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında gös¬tər¬diyi xidmətlər barədə belə demişdir: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın in¬ki¬şaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulub¬dur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmi¬zin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsas¬ları da məhz o illərdə qoyulubdur. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.”
Yeri gəlmişkən, qeyd edim ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti bu gün ciddi tədqiqatların mövzusudur. Ulu öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir.
Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. İndiyədək parlamentdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlanıb nəşr edilmişdir.
Heydər Əliyevin yaratdığı möh¬kəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası bu gün geniş bir bölgədə söz sahibi olan güclü bir dövlətdir. Ölkəmizin getdikcə artan imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan ya¬ra¬dır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli layihələrin həyata keçirilməsində həlledici rol oynayır.
Möhtərəm İlham Əliyevin söylədiyi kimi, “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir”.
Böyük siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər sistemli və ardıcıl şəkildə davam etdirilir. Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanda parlament xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən ali nümayəndəli orqandır.
Azərbaycanın xoşbəxt gələcəyi möh¬tərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdir¬diyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.”
Sonra çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Bahar Muradova, deputatlar Fəzail Ağamalı, Gövhər Baxşəliyeva, Zahid Oruc, Rafael Cəbrayılov, Rəfael Hüseynov, Jalə Əliyeva, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Siyavuş Novruzov, Əhliman Əmiraslanov Aydın Mirzəzadə, Şahin İsmayılov, Azay Quliyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Aydın Hüseynov, Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi məhz böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.
Sonra iclasda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Bununla da Milli Məclisin iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti