AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində üç məsələ var.
İclasda qanun layihələrini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirildi ki, “Torpaq icarəsi haqqında” qanunun 10-cu maddəsində edilən dəyişikliklərdən məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir. Layihə torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həllini tənzimləyəcək, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq.
Deputatların nəzərinə çatdırıldı ki, Torpaq Məcəlləsinin 14-cü maddəsində aparılan dəyişiklik də “Torpaq icarəsi haqqında” qanunda edilən dəyişikliklərlə əlaqədardır və qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.
Qeyd olundu ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik bu qanunu “Notariat haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Fikir mübadiləsində komitənin sədr müavini Eldar Quliyev, deputatlar Novruz Aslan, İqbal Məmmədov, Tahir Süleymanov, ekspert Zahid Abbasov qanun layihələrinə müsbət münasibət bildirdilər. Baxılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti