İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
11 may 2018 | 04:05   
Paylaşın:        
Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. 
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi  “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Komitə sədri diqqətə çatdırdı ki, Hesablama Palatası yaradıldığı gündən uğurla fəaliyyət göstərir və Milli Məclisin Dövlət büdcəsinə nəzarətini həyata keçirir. 1999-cu ildə qəbul edilmiş müvafiq qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanmış və birinci oxunuşda Milli Məclisdə qəbul edilmişdır.
Yeni qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  bildirdi ki, layihə beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanıb.
 Onun sözlərinə görə, ötən beş ay ərzində qanun layihəsinə 30-dan çox maddə üzrə həm texniki, həm də mahiyyəti üzrə dəyişikliklər edilib. Bütün bu dəyişikliklər qanuna öz müsbət təsirini göstərəcək. Qanun layihəsi hazırlanarkən həm ölkədaxili qanunvericilik aktları, həm də beynəlxalq standartlar və prinsiplər nəzərə alınıb. 
Layihə barədə çıxış edən komitə üzvləri Tahir Mirkişili, Əli Məsimli, Aydın Hüseynov və Vahid Əhmədov yeni qanun layihəsini yüksək qiymətləndirdilər, sənəd barədə qeyd və təkliflərini bildirdilər.
Müzakirələrdən sonra “Hesablama Palatası haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
İclasda “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar haqqında” qanunlara da texniki dəyişikliklər edildi.
Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU