DİNLƏMƏLƏR MARAQLI KEÇDİ
İyunun 7-də Milli Məclisdə Sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclasında “Həmkarlar İttifaqları haqqında” qanunda dəyişikliklər edilməsi məsələsinə baxıldı, sonra “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirildi.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi ki, qanuna dəyişiklik özəl müəssisələrdə həmkarlar təşkilatının yaradılması zərurətindən irəli gəlib. Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasını təmin etməlidir. Mühasibatlıq vasitəsilə tutulan üzvlük haqları dörd gün müddətində müvafiq hesaba köçürülməlidir.
Müzakirələrdə deputat İlham Məmmədov və AHİK Aparatının rəhbəri Həsən Cəbrayılov layihə barədə fikirlərini bölüşdülər. Komitələrin birgə iclasında qərara alındı ki, qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim edilsin.
Sonra Hadi Rəcəbli dünyadakı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdışı məsələsi ilə bağlı BMT-də aparılan müzakirələrdən və Avropa Komissiyasının “Qayıdış və yenidən məskunlaşma: qərar çıxarmada uşaqların iştirakı” layihəsindən danışdı. Hazırkı dinləmələrə qaçqın və məcburi köçkün uşaqların dəvət olunduğunu bildirdi. Müvafiq qərarların alınmasında və qanun layihələrinin hazırlanmasında onların fikirlərinin nəzərə alınacağını vurğuladı.
İclasda Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycan qanunvericiliyində bu sahəyə xüsusi diqqət yetirildiyini dedi. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə göstərilən qayğıdan danışdı. Vitse-spiker bildirdi ki, 1993-2011-ci illər ərzində həmin problemlərin həllinə 4,68 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Həmin vəsaitin 2,7 milyardı dövlət büdcəsindən, 1,08 milyardı Dövlət Neft Fondundan ayrılıb. Xərclənən məbləğin 900 milyon ABŞ dolları isə beynəlxalq təşkilatlara məxsus olub. Ötən il Azərbaycanda nəfərbaşına bir məcburi köçkünə 715 manata yaxın pul xərclənib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Bahar Muradova 2003-cü ildən bu yana ölkəmizdə çadır şəhərciklərinin ləğv olunması və didərginlərin yenidən məskunlaşdırılması ilə bağlı görülən işləri sadaladı. Qaçqın və məcburi köçkün ailələrdə böyüyən gənc nəslə yurd sevgisinin və sabaha inam hissinin aşılanması, eləcə də onlarda vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələlərinə toxundu. Dinləmələrə qatılan məktəbliləri əmin etdi ki, dövlətimizin başçısı başda olmaqla Azərbaycan parlamenti, deputatlar qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır.
İclasda öncə qaçqın uşaqların fikirləri, istəkləri, təklifləri dinlənildi. Avropa Komissiyasının “Qayıdış və yenidən məskunlaşma: qərar çıxarmada uşaqların iştirakı” layihəsi çərçivəsində ölkəmizdə yaradılmış 14 uşaq komitəsinin təmsilçiləri göstərilən qayğıya görə Azərbaycan Prezidentinə təşəkkürlərini bildirdilər, vətən yanğılarını deputatların diqqətinə çatdırdılar.
Sonra deputatlar Musa Quliyev, Yaqub Mahmudov, Əhliman Əmiraslanov, Astan Şahverdiyev və Flora Qasımova xalqımızın düçar olduğu qaçqınlıq-köçkünlük bəlası, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət səviyyəsində görülən işlər, həmçinin qayıdış və yenidən məskunlaşma prosesinin özəllikləri barədə fikirlərini bölüşdülər. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qaçqın və məcburi köçkün məktəblilərə tövsiyələrini çatdırdı.
Dinləmələri yekunlaşdıran vitse-spiker Bahar Muradova bugünkü müzakirəni yüksək dəyərləndirdi, səslənən fikirlərin çox faydalı olduğunu dedi. Torpaqlarımızı işğaldan azad etmək üçün qayıdışa hazır olmağımızın vacibliyini vurğuladı.
Milli Məclisin
Mətbuat xidməti