AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 may 2018 | 04:05   
Paylaşın:        

Mayın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunacaq. Sənəd Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.
Qeyd edildi ki, ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir. Məhz bu baxımdan, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik aktları mütəmadi olaraq təkmilləşir və zamanın tələbinə uyğun yeni qanunlar hazırlanır.
Diqqətə çatdırıldı ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin hazırlanmasında komitə üzvləri yaxından iştirak ediblər. Sənəd Azərbaycan Konstitusiyasına, “Uşaq hüquqları haqqında”, “İctimai Televiziya və Radio Yayımı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb.
5 fəsil 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq  onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Sənəddə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələblər, ekspertizanın aparılması qaydaları, ekspert rəyinin verilməsi ilə bağlı məsələlər öz həllini tapıb.
Komitə üzvləri Sahibə Qafarova, Tahir Rzayev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova öz çıxışlarında bildirdilər ki,  qanun müasir dövrün tələblərinə uyğun olaraq mükəmməl hazırlanıb. Uşaqların təhlükəsizliyinin qorunması cəmiyyətin əsas vəzifələrindəndir. İnternetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları da var. İnformasiya resurslarının imkanlarından səmərəli istifadə olunmalıdır. Təhlükəli və zərərli informasiyaların qarşısının alınması, bunun uşaqların təlim-tərbiyəsinə mənfi təsiri barədə ictimaiyyət arasında maarifləndirmə işləri aparılmalıdır. Qeyd edildi ki, qanun uşaqların və yeniyetmələrin düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Müzakirələrdən sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda komitə sədri Aqiyə Naxçıvanlı diqqətə çatdırdı ki, 15 may dünyada Ailə günü kimi qeyd edilir. Ailə institutunun qorunması və möhkəmləndirilməsi aktual məsələlərdəndir. Bu baxımdan “Azərbaycan ailə modeli: dəyərlər və müasirlik” mövzusunda dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU