MİLLİ MƏCLİSİN İCLASINDA HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Tədbirlər
18 may 2018 | 06:05   
Paylaşın:        
Mayın 18-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. 
Cari məsələlərin müzakirəsi zamanı deputatlar Fəzail İbrahimli, Sahibə Qafarova, Əli Hüseynli, Zahid Oruc, Aydın Mirzəzadə, Asim Mollazadə, Fazil Mustafa, Siyavuş Novruzov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsi barədə qərarını tənqid etdilər. Bildirdilər ki, AŞPA-nın bu qərarı ədalətsizdir və Azərbaycanı sevməyən bəzi qüvvələrin maraqlarına xidmət edir. 
Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsini ədalətsiz adlandırdı. Diqqətə çatdırdı ki, AŞPA-nın belə əsassız qərarları əvvəllər də olub. Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş ermənipərəst fransalı deputatın AŞPA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə verməmişdik və bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il bu qurumun heç bir tədbiri keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki iki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin buna etiraz olaraq bildirdim ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi.
Oqtay Əsədov bildirdi ki, bu sanksiya bizə təsir göstərməyəcək. Çünki bu sanksiya Səməd Seyidovun yalnız AŞPA-da hansısa vəzifəyə seçilməsinin və müşahidəçi qismində çıxış etməsinin qarşısını alır. Səməd Seyidov bizim mübariz deputatımızdır. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra daha da mübariz şəkildə davam etdirəcək.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildə fəaliyyəti barədə məlumat verdi. 
Bildirdi ki, ötən il nəzarət tədbirləri nəticəsində 689 hal üzrə nöqsanlar müəyyən olunmuş, 18 milyon manat vəsaitin bərpasına və dövlət büdcəsinə qaytarılmasına nail olunmuşdur. 
Hesabat dövründə qurumlar tərəfindən 42,1 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilmişdir. Aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurumda 92 hal üzrə 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlmişdir.
Hesabat ilində Hesablama Palatası hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etmiş, lazımi məlumatları onlara göndərmişdir.
Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Tahir Kərimli, Fərəc Quliyev hesabatla bağlı fikirlərini bildirdilər.
Sonra hesabat səsə qoyularaq nəzərə alındı.
İclasda “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, ali audit qurumu olan Hesablama Palatasının fəaliyyətində son illər əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verib. Lakin  bu qurumun fəaliyyətini tənzimləyən və 1999-cu ildə qəbul edilmiş müvafiq qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanmış və birinci oxunuşda Milli Məclisdə qəbul edilmişdır.
Yeni qanunun qəbulu bu sahədə bir sıra problemlərin həllinə kömək edəcəkdir. Birinci oxunuşdan sonra layihənin 41 maddəsinin 31-nə əlavə və dəyişikliklər edilmiş, layihə daha  da təkmilləşdirilmişdir. 
“Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Musa Quliyev və Çingiz Qənizadə layihə barədə qeyd və təkliflərini bildirdilər. Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi də  üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsi barədə məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı. Sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.   
İclasda Əmək Məcəlləsinə, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”  qanunlara da dəyişikliklər edildi. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, bu dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna təklif olunan  dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, bu dəyişikliklər 10 maddəni əhatə edir. Dəyişikliklərin edilməsində əsas məqsəd isə keyfiyyətsiz və standartlara uyğun olmayan dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaq, həmçinin dövriyyədə olan dərmanların keyfiyyətinə nəzarətin artırılması və qiymətlərinin tənzimlənməsidir. 
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Rəşad Mahmudov və İsa Həbibbəyli təklif olunan dəyişikliklərə münasibət bildirdilər.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU