AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
18 may 2018 | 05:05   
Paylaşın:        

Mayın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədr müavini Eldar Quliyev iclası açaraq bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişikliklərlə bağlı məsələlər daxil edilib. Qanun layihələri ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə dəyişikliklər barədə məlumat verdi. Diqqətə çatdırıldı ki,  qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə 23 fevral 2018-ci il tarixdə “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara, habelə Prezidentin 1 may 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavələr edilib. Düzəlişlərə əsasən, Qida Təhlükəsizliyi Agentliyinə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, onların dövlət reyestrinin aparılması, habelə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının təqdim olunması səlahiyyətləri də verilmişdir.
Yuxarıda deyilənlər nəzərə alınaraq, “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur. Dəyişikliklərdə dövlət rüsumunun tutulduğu yeni hallar müəyyən edilir. Bura qida təhlükəsizliyi sertifikatının verilməsi aiddir. Bu hala görə 20 manat dövlət rüsumu müəyyən olunur. Digər hal qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlıdır. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat (reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir. Habelə heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək miqdarda dövlət rüsumu müəyyənləşdirilib. Digər  düzəlişlərə əsasən, baytarlıq və fitosanitar sertifikatının, baytarlıq preparatlarına, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin və idxal karantin icazəsinin verilməsinə görə də mövcud dövlət rüsumlarının artırılması təklif edilir.
Qeyd olundu ki, Qida Təhlükəsizliyi Agentliyinə verilən əlavə səlahiyyətlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” qanunun 3 nömrəli əlavəsində göstərilən “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda da bir sıra dəyişikliklər edilib. Siyahının yeni redaksiyada verilən 27-ci maddəsində “idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədi ilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan)”, 47-ci maddəsində “qida təhlükəsizliyi sertifikatı”, 71-ci maddəsində “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış” kimi icazələr nəzərdə tutulub.
Sonra  Torpaq  Məcəlləsinə  ediləcək  düzəlişə  baxıldı. Bildirildi ki, 15 dekabr 2017-ci il tarixində “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar Torpaq Məcəlləsində də müvafiq düzəlişin aparılması təklif olunur. Belə ki, Məcəllənin 34-cü maddəsinə edilən əlavəyə əsasən, əkin yerinin yandırılması qadağandır. 
Komitə üzvləri hər üç sənəddə olunan düzəlişləri məqsədəmüvafiq hesab etdilər və Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını qərara aldılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU