ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
22 may 2018 | 06:05   
Paylaşın:        
Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyin birinci məsələsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsidir.
Qanun layihəsinin üçüncü oxunuşu barədə Milli Məclis  Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun  müdiri Adil Vəliyev məlumat verdi.
Bildirdi ki, əvvəlki oxunuşdan sonra deputatlar tərəfindən irəli sürülən bəzi düzəlişlər nəzərə alınıb. Səkkiz fəsil və 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlilliyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür.
Çıxış edən komitə üzvləri Rauf Əliyev, İlham Məmmədov, Musa Quliyev, Rafiq Məmmədhəsənov, Aytən Mustafazadə, Jalə Əliyeva, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər də müzakirə olundu.
Bildirildi ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin formalaşdırılması, pedaqoji heyətin sertifikatlaşdırılması sisteminin yaradılması kimi hədəflərin icrasını özündə ehtiva edir.
“Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər barədə isə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin məsləhətçisi Təranə Qurbanova məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra hər iki qanuna təklif olunan dəyişikliklər məqbul hesab edildi və Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti    


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU