MİLLİ MƏCLİSİN KOMİTƏSİNDƏ “2017-ci İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA” SƏNƏD MÜZAKIRƏ OLUNDU
Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verdi.
Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Ziyad Səmədzadə sözügedən sənədi ətraflı şərh edərək bildirdi ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il büdcənin icrası haqqında məsələyə baxılır. 2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatda müsbət meyllər güclənib. Dövlət büdcəsinin əsas parametrlərinin icrası təmin edilib. Heç bir sosial proqramın icrasında maliyyə sıxıntısı olmayıb, planlaşdırılan bütün proqramlar həyata keçirilib. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradır. Komitə sədri Azərbaycan iqtisadiyyatında müsbət tendensiyaların gücləndiyini sevindirici hal kimi dəyərləndirdi.
Komitə sədri qeyd etdi ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanunun müvafiq maddəsinə uyğun hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Prezidentin və dövlət büdcəsinin ehtiyat fondlarının vəsaitlərindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.
İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, ötən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı formalaşdırılıb. Azərbaycanın xarici ticarəti 12,3 faiz, əmtəə ixracı 18,1 faiz, o cümlədən qeyri-neft əmtəə ixracı 24,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dolları keçib. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub. 2017-ci ildə icmal büdcənin gəlirləri 24 milyard manat və ya 104,8 faiz, xərcləri 25 milyard manat və ya 82,4 faiz səviyyəsində icra olunub. İcmal büdcə kəsiri 1,1 milyard təşkil edib ki, bu da proqnoza nisbətən 9,5 faiz bəndi azalaraq cəmi 1,6 faiz təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 milyard 517 milyon manat və ya 98,5 faiz icra olunub. Büdcə daxilolmalarının 8,633 milyard manatı qeyri-neft sektoru hesabına təmin olunub. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5 faiz artaraq 52,3 faizə çatıb.
Nazir müavini vurğuladı ki, 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətində 250 milyon manat dövlət büdcəsinə ödənilib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında dedi ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyəri ötən ilə nisbətən 2,7 faiz artaraq qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 faiz təşkil edib. Neft-qaz sektorunun ÜDM-də payı 2016-cı ilə nisbətən 3,4 faiz artıb. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 359,2 milyon manat təşkil edib.
İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub, 7 mədaxil mənbəyi üzrə proqnoza isə əməl edilməyib. O, ötən il büdcə gəlirləri üzrə icra səviyyəsini də açıqladı: “Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151 faiz), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9 faiz) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.”
Sonra millət vəkilləri Əli Məsimli, Cavid Qurbanov, Aydın Hüseynov çıxış edərək 2017-ci il dövlət büdcəsinin icrası haqqında sənədlə bağlı fikirlərini bildirdilər. Deputatlar sənədin mükəmməl hazırlandığını, büdcə sisteminə uyğun olaraq bütün göstəriciləri tam detalları ilə özündə əks etdirdiyini vurğuladılar, təkliflərini səsləndirdilər.
İclasda “Lisenziyalar və icazələr haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxıldı. Bildirildi ki, hər iki sənədə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.
Müzakirə olunan məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti