MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN AİLƏ MODELİ: MÜASİRLİK VƏ DƏYƏRLƏR” MÖVZUSUNDA DİNLƏMƏLƏR KEÇİRİLDİ

Tədbirlər
23 may 2018 | 05:05   
Paylaşın:        

Mayın 23-də  Milli  Məclisdə  Ailə, qadın, uşaq  məsələləri komitəsinin  təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmələr keçirildi.
İclası açan komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, Azərbaycanda ailə insititunun qorunması prioritet məsələlərdəndir. Ümummilli liderimiz  Heydər  Əliyev  hər zaman milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də dövlətimiz həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır.
Komitə  sədri qeyd  etdi ki, Azərbaycan ailəsi dünyada hər  zaman özünəməxsusluğu ilə seçilib. Bizim qədimdən gələn ailə modelimiz, qranitləşmiş ailə ənənələrimiz var. Amma bütün bunlara  baxmayaraq, hələ də ailələrdə problemlər  var. Cəmiyyətdə erkən nikahlar və vətəndaş nikahları geniş yayılıb. Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümlərinə, boşanmalara qədər  müxtəlif  fiziki-psixoloji çətinliklərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları baş verir.
Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək  və  sosial  siyasət  komitəsinin sədri  Hadi Rəcəbli, İctimai birliklər  və dini qurumlarla  iş  komitəsinin sədri Siyavuş Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədr müavini  Sədaqət  Qəhrəmanova, BDU-nun Sosial və pedaqoji psixologiya  kafedrasının müdiri,  psixologiya  elmlər  doktoru  Kamilə Əliyeva çıxış edərək bu sahədə qanunvericilik bazasının  təkmilləşdirilməsindən, cəmiyyətdə  aparılan  maariflənmə  işlərindən söz  açdılar.
Bildirildi ki, sosial  media və mətbuat orqanları ailələrdə  olan problemləri həddən artıq şişirdirlər. Bu da nəinki ailələrin möhkəmləndirilməsinə xidmət  edir, əksinə bu  sahədə  daha  yeni problemlərə  yol açır.  Ölkədə  dini kəbinkəsmənin hüquqi əhəmiyyətə malik olmaması ilə bağlı güclü  maasrifləndirmə işi  aparılmalıdır. Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır. Boşanmaların sayının artmasının səbəbləri köklü araşdırılmalıdır.
 Ətraflı  müzakirələrdən  sonra  tədbirə  qatılan  QHT  üzvlərini  maraqlandıran  suallara Ədliyyə Nazirliyinin və Daxili İşlər  Nazirliyinin nümayəndələri tərəfindən cavab  verildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU