MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 23-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında altı məsələyə baxıldı. Gündəlik barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd etdi ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.
İclasda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda aparılan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verdi. Bildirdi ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.
Sonra I vitse-spiker, komitə sədri Ziyafət Əsgərov növbəti qanun layihələrini şərh etdi. Nəzərə çatdırdı ki, 2017-ci ildə Azərbaycan Prezidentinin fərmanına əsasən sərhəd qoşunlarında struktur dəyişikliyi aparıldığına görə həmin müddəanın “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda da öz əksini tapması vacibdir. “Mülki müdafiə haqqında” qanunda dövlət qulluqçularının statusu ilə bağlı konkretləşmə aparılır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.
Komitədə fikir mübadiləsi aparıldı. Baxılan qanun layihələrinin plenar iclasa təqdim olunması məqsədəuyğun sayıldı.
Milli Məclisin
Mətbuat xidməti