ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
Məlumat verildi ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər “Təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklərə əsasən, 66-cı maddədə göstərilən attestasiya olunmayan işçilər sırasına Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər də daxil edilir. Məcəlləyə Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası ilə əlaqədar yeni 67-2-ci maddə əlavə olunur. Əlavədə sertifikasiyanın keçirilmə qaydaları göstərilir. Digər dəyişikliyə görə, 70-ci maddənin “Qeyd” hissəsində “komissiyası” sözündən sonra “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və” sözləri əlavə olunur.
Diqqətə çatdırıldı ki, “Təhsil haqqında” qanuna islahatyönümlü 62 bənddən ibarət geniş həcmdə dəyişikliklər paketi təqdim edilib. Belə ki, qanunun əsas anlayışların açıqlaması verilən 1-ci maddəsində bir sıra anlayışların mənası dəqiqləşdirilib, “sertifikasiya”, “beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı”, “təhsil xidmətləri” kimi yeni anlayışlar əlavə olunub.
Yeni redaksiyada təqdim edilən 7.2-ci maddədə deyilir ki, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.
Qanuna əlavə olunan 14.19 və 14.20-ci maddələrə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir” kimi fikirlər ifadə olunan 15.2-ci maddə isə ləğv olunur.
Qeyd edildi ki, təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası ilə bağlı maddənin 16.1-ci bəndi yeni variantda belə səslənir: Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya) almalıdır. Sənədin 16.3-cü bəndində isə deyilir ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.
Yeni redaksiyada təqdim olunan 19.11-ci maddədə bildirilir ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. 19.14-cü maddəyə əlavə olunur ki, xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
Sənədə əlavə olunan 21.2-1-ci maddədə qeyd edilir ki, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı əlavə edilən 36-1-ci maddədə bildirilir ki, təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
“Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikasiyası” adlı yeni 36-2-ci maddədə göstərilir ki, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiya olunurlar. Qanuna digər zəruri dəyişikliklər də nəzərdə tutulub.
Komitə üzvləri hər iki sənədə edilən dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini açıqladılar.
İclasda iştirak edən təhsil naziri Ceyhun Bayramov ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində həyata keçirilən diaqnostik qiymətləndirmə barədə ətraflı məlumat verdi. Sertifikasiyanın tətbiqinin təhsil sistemində keyfiyyətin artırılmasına müsbət təsirini qeyd etdi. Nazir deputatları maraqlandıran bəzi mübahisəli məqamlara aydınlıq gətirdi.
Müzakirələrin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Komitədə “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupunun yaradılması barədə məlumat verildi.
Milli Məclisin
Mətbuat xidməti