MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Mayın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə deputatlar “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklər edilməsi barədə məsələni müzakirə etdilər.
Əli Hüseynli bildirdi ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanunla bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb. Sənədin qəbulu ilə əlaqədar “Normativ hüquqi aktlar haqqında” qanuna yeni bir maddə əlavə edilməsi təklif edilir. Millət vəkilləri Qüdrət Həsənquliyev, Rəfael Cəbrayılov, Tahir Kərimli, Çingiz Qənizadə, Elşən Musayev çıxış edərək sənədlə əlaqədar fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər.
İclasda Gənclər və idman komitəsi sədrinin müavini Ülvi Quliyev “Bədən tərbiyəsi və idman haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikləri təqdim etdi. Qeyd olundu ki, hər iki qanuna təklif edilən dəyişikliklər eyni xarakterlidir. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əlavə edilən yeni bəndə görə, Azəraycan Milli Dopinq Agentliyinə yeni səlahiyyətlər verilir. Bu dəyişikliyə əsasən idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək mümkün olacaq.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərə baxdılar. Komitə sədri Əli Hüseynli vurğuladı ki, layihə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları da müəyyənləşdirilir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.
İclasda “Azərbaycan Prokurorluğunun 100 iliyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanuna dəyişiklik də məqsədəuyğun hesab edildi.
Sonra komitə üzvləri “Azərbaycanda dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinə və “Dövlət qulluğu haqqında” qanunda texniki xarakterli dəyişikliklərə baxdılar.
Layihələrin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərar alındı.
Milli Məclisin
Mətbuat xidməti