İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Mayın 29-da Milli Məclisin İnsan hüquqları komitəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı, müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı.
Vitse-spiker gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Sevinc Rəhimova qanun layihəsini təqdim etdi. Bildirdi ki, 5 fəsil 19 maddədən ibarət olan bu sənəd Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub. Müasir dövrdə yetkinlik yaşına çatmayanların mobil telefonlar, televiziya, internet vasitəsilə informasiyaya çıxış imkanları genişləndiyinə görə onları zərərli informasiyadan qorumaq zərurəti meydana gəlib. Bu sahəyə dövlət nəzarətinin olması vacibdir. Hazırda bütün dünya ölkələri üçün aktual olan bu məsələ ilə bağlı 2009-cu ilin dekabrında MDB çərçivəsində “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan mühafizəsi haqqında” model qanun qəbul edilib.
Deputatların nəzərinə çatdırıldı ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsindən məqsəd uşaqların mənəvi, əqli, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyadan qorunması, həmçinin onların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsidir. Layihədə uşaqlar üçün zərərli olan informasiya növləri açıqlanır, informasiya məhsulları yaşa görə təsnifatlandırılır. Ailə institutunu nüfuzdan salan, zorakılığı və qəddarlığı, narkotik vasitələri və psixotrop maddələri, alkoqollu içkiləri və tütün məmulatlarını təbliğ edən məlumatlar zərərli sayılır, cəmiyyət əleyhinə davranışın və hüquqazidd əməllərin yolverilməzliyi açıqlanır.
Sənəddə informasiya məhsulunun işarələnməsi vacibliyi, televiziyada və radioda, eləcə də informasiya-telekommunikasiya şəbəkələrində yayımlanmasına dair tələblər öz əksini tapıb. İnformasiya məhsulunun ekspertizasının aparılması qaydası və müddəti müəyyənləşdirlib. Konkret göstərilib ki, kimlər ekspert kimi fəaliyyət göstərə bilməz. Yeni qanunun 2020-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Qanun layihəsinin ətraflı şərhi dinlənildikdən sonra komitədə müzakirələr başlandı. Deputatlar Hikmət Məmmədov, Sona Əliyeva, Elman Nəsirov, Fazil Mustafa, Əflatun Amaşov, Tahir Kərimli qanunun aktuallığını və vacibliyini vurğuladılar, təkliflərini diqqətə çatdırdılar. İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimli, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli sənədə münasibət bildirdilər. Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov qanun layihəsi ilə bağlı suallara cavab verdilər.
Fikir mübadiləsinin yekununda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti