MİLLİ MƏCLİSDƏ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ
İyunun 1-də Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirildi.
Tədbir çərçivəsində Milli Məclisin foyesində uşaqların rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi təşkil olunmuşdu.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik etdi, onlara Milli Məclisin Sədri Oqtay Əsədovun salamlarını çatdırdı.
Bildirdi ki, uşaq hüquqları insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi konvensiyasında öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub. Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini öz qanunlarında təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.
Milli Məclis sədrinin müavini diqqətə çatdırdı ki, bu günlərdə ölkəmizin hər bir guşəsində, eləcə də bütün dünyada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Cümhuriyyətin yaradılması, onun fəaliyyəti, qarşısına qoyduğu vəzifələr, gördüyü mühüm işlər barədə müzakirələr aparılır.
Bahar Muradova bildirdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu həm Azərbaycan hökumətinin, həm parlamentinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq. Onlara nəinki hüquq verməli, həm də bu hüquqları yerinə yetirmək üçün şərait yaratmalı, uşaqları bu hüquqdan istifadəyə hazırlamalı, onların hüquqi təfəkkürünün formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqlar üçün önəmini, eləcə də Milli Məclisdə keçirilən bu tədbirin əhəmiyyətini qeyd etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərdən söz açan komitə sədri bildirdi ki, 100 il bundan əvvəl təkcə qadın deyil, həm də uşaq hüquqları təsdiq olunub. Uşaq hüquqlarının qorunması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Bunların sırasında ən vacibi uşaqların, xüsusilə də qızların təhsil almaları, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artması idi. Həmin qərarlar 100 il bundan əvvəl qəbul olunan mühüm sənədlərdə əksini tapmışdı.
Sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin uşaqlara uğurlar arzuladı. O uşaqlara müraciətlə bildirdi ki, 100 il bundan əvvəl nənə və babalarınız Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyublar. Beləliklə, onlar hər kəsin qayğısına qalan demokratik cəmiyyətin nəsillər üçün yarada biləcəyi möhkəm bir təməli təsdiq ediblər. Uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir. Ölkədə demək olar ki, bütün uşaqlar ibtidai təhsilə cəlb edilib. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, onların inkişafı üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan parlamenti uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə vacib qanunvericilik aktları qəbul edib.
Tədbirdə çıxış edən fransız yazıçı-jurnalisti, Azərbaycan haqqında bir sıra kitabların müəllifi Jan-Lui Quro Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini dedi. Bildirdi ki, bu gün Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin apardıqları siyasət nəticəsində uşaqların müdafiəsi sahəsində uğurlu işlər həyata keçirilir. Yazıçı qeyd etdi ki, Azərbaycanda qadınlara seçki hüququ Fransadan 25 il əvvəl verilib.
Azərbaycanın təhsilə və elmə dəstək verdiyini deyən fransız yazıçı ölkəmizin incəsənətə göstərdiyi diqqəti də sevindirici hal kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uşaqları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar. Sonra uşaqların sualları cavablandırıldı. Müxtəlif nailiyyətlər qazanan uşaqlara diplomlar təqdim edildi.
Sonra tədbirdə uşaqların ifasında canlı musiqilər səsləndirildi.
İclasda Milli Məclisin deputatları Rauf Əliyev, Sədaqət Vəliyeva, İlham Məmmədov, Dilarə Cəbrayılova, Jalə Əliyeva və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti