MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
01 iyun 2018 | 10:06   
Paylaşın:        

Mayın 31-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən hazırlanan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanunla bağlı onlarca qanuna dəyişiklik edilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa 5.4-cü maddə əlavə edilir. Yeni maddəyə görə, “Ələt azad iqtisadi zonası haqqında” qanunla müəyyən edilmiş hallarda həmin ərazidə bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.
Deputatlar qanunu məqbul saydılar.
Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” məsələyə baxıldı. Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Bildirdi ki, parlament dövlət büdcəsinin tərtibi, qəbulu və icrasına  nəzarət etdiyinə görə hər il büdcənin icrası məsələsi də Milli Məclisdə müzakirə obyekti olur. Plenar iclasa təqdim edilmiş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat qanunvericiliyə uyğun hazırlanıb. Sənədi təhlil edərkən məlum olur ki, ötən il dövlət büdcəsinin əsas parametrlərinin icrası təmin edilib, iqtisadiyyatda müsbət meyllər güclənib, planlaşdırılan bütün proqramlar, o cümlədən  sosial proqramlar həyata keçirilib.
Dünyada gedən qlobal proseslər fonunda ölkəmizin nailiyyətlərindən söz açan komitə sədri xatırlatdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz tədbirdə cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, dayanıqlı və qlobal risklərin təzyiqini aradan qaldıran iqtisadiyyatdır. Əldə olunan uğurlar, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın rəqabətqabiliyyətlilik indeksinə və digər keyfiyyət göstəricilərinə görə dünya ölkələri arasında nüfuzu artan, seçilən-sayılan ölkələr sırasına daxil olmasına imkan verib.
Ziyad Səmədzadə bildirdi ki, 2017-ci il dövlət büdcəsi gəlirlərinin proqnozlara qarşı icrası 98,5 faiz təşkil edib. Gəlirlər üzrə azalmanın əsas səbəbi Dövlət Neft Fondundan büdcəyə transfertlərin 1 milyard 515 milyon manat azalması ilə bağlı olub. Büdcə gəlirlərinin 52,3 faizi qeyri-neft, 47,7 faizi neft sahəsindən əldə olunub.
Geniş məruzədə Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, büdcə kəsiri və onun yaranma səbəbləri, neft-qaz sahəsində hasilatın pay bölgüsü Sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, ölkəmizin ixrac potensialı, dövlət büdcəsinin icrasında kənd təsərrüfatı sahəsinin böyük rolu və digər məsələlər barədə ətraflı məlumat verildi.
Sonra iclasda Hesablama  Palatasının sədri Vüqar  Gülməmmədov çıxış etdi. Məlum oldu ki, müzakirəyə çıxarılmış qanun layihəsi barədə Hesablama  Palatasının rəyi müsbətdir.
Müzakirə zamanı deputatlar Vahid Əhmədov, Əli Məsimli,  Siyavuş Novruzov, Fərəc Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Qənirə Paşayeva, Tahir Mirkişili, Fəzail İbrahimli, Qüdrət Həsənquliyev 2017-ci il dövlət büdcəsinin icrası  haqqında  sənədi müsbət dəyərləndirdilər. Bir sıra təkliflər hökumət üzvlərinin diqqətinə çatdırıldı. Büdcəyə parlament nəzarətinin daha da gücləndirilməsi, elm və təhsil sahəsinə ayrılan xərclərin artırılması vacib sayıldı. 
İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov büdcənin icrasına verilən yüksək qiymətə görə parlamentə təşəkkür etdi, deputatları maraqlandıran suallara cavab verdi. Sonra vergilər naziri Mikayıl Cabbarov millət vəkillərinin qaldırdıqları məsələlərlə bağlı fikirlərini açıqladı.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini təqdim etdi. Bildirdi ki, əvvəlki oxunuşlarda deputatların irəli sürdükləri təkliflər nəzərə alınıb. 8 fəsil, 40 maddədən ibarət olan sənəddə bildirilir ki, dövlət əlillərin digər vətəndaşlarla bərabər səviyyədə nəqliyyatdan, informasiya və rabitədən, informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Komitə sədri onu da nəzərə çatdırdı ki, əksər dünya ölkələrində əlillərin sayı 10-12 faiz təşkil etdiyi halda Azərbaycanda əlilliyi olan şəxslər əhalinin cəmi 6 faizini təşkil edir.
Qanun layihəsinin müzakirəsində birinci vitse-spiker Ziyafət Əsgərov, deputatlar Məlahət İbrahimqızı, Zahid Oruc, Qənirə Paşayeva irad və təkliflərini bildirdilər. Yekunda sənəd səsə qoyuldu və üçüncü oxunuşda qəbul edildi.
Milli Məclisə bir zərfdə daxil olmuş iki qanun layihəsini şərh edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, “Torpaq icarəsi haqqında” qanunun 10-cu maddəsində edilən dəyişikliklərdən məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir. Torpaq Məcəlləsinin 14-cü maddəsində aparılan dəyişiklik də bununla əlaqədardır və  qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Hər iki sənəd torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həllini tənzimləyəcək, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq.
Deputatlar Elmira Axundova, Hikmət Məmmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev fikirlərini bölüşdülər. Milli Məclis bu qanunların qəbuluna razılıq verdi.
İclasda “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunun 11-ci maddəsinə, “Notariat haqqında” qanunun 64-cü maddəsinə təklif olunan dəyişiklik və əlavənin edilməsi məqbul sayıldı.
Deputatlara məlumat verildi ki, 15 dekabr 2017-ci il tarixində “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar Torpaq Məcəlləsində də müvafiq düzəlişin aparılması zərurəti yaranıb. Məcəllənin 34-cü maddəsinə edilən əlavəyə əsasən, əkin yerinin yandırılması qadağandır.
Qanun layihəsi qəbul olundu.
Milli Məclisə bir zərfdə daxil olmuş  7 sənədi şərh edən komitə sədri Ziyad Səmədzadə bildirdi ki, bu qanun layihələri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda 2017-ci ilin iyununda edilmiş dəyişikliklə əlaqədardır.
Şərh dinlənildikdən sonra deputatlar qanunvericiliyin uyğunlaşdırılması baxımından “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar haqqında” qanunlara təklif olunan dəyişiklikləri məqsədəuyğun saydılar.
İclasda “Dövlət rüsumu haqqında” qanunun 2-ci, 18-ci və 23-cü maddələrinə, həmçinin “Lisenziyalar və icazələr haqqında” qanunun 27-ci, 47-ci və 71-ci maddələrinə edilən dəyişikliklərə də baxıldı. Bildirildi ki, qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə 23 fevral 2018-ci il tarixdə “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara, habelə Prezidentin 1 may 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavələr edilib. Düzəlişlərə əsasən, Qida Təhlükəsizliyi Agentliyinə bir sıra səlahiyyətlər verilib. Bütün bunlar nəzərə alınaraq adı çəkilən qanunlara dəyişikliklər edilir.
Parlament hər iki dəyişikliyə müsbət münasibət bildirdi.
Deputatlar İnzibati Xətalar Məcəlləsinə və   1994-cü il 8 fevral tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə təklif olunan dəyişikliklərin qəbul edilməsini də məqsədəuyğun saydılar.
İclasda “Azərbaycan Prokurorluğunun 100 iliyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik razılıqla qarşılandı.
“Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri şərh edən komitə sədri Əli Hüseynli bildirdi ki, yol hərəkətinə dair 1968-ci il tarixli Vyana Konvensiyasına Azərbaycan da qoşulub. Hazırkı layihə  konvensiyanın tələblərindən irəli gəlir. Sürücülük vəsiqəsinə “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyalarının da qeyd olunması bizim sürücülərə imkan verəcək ki, həmin vəsiqədən dünyanın bütün ölkələrində sərbəst istifadə etsinlər. Bildirildi ki, “Dövlət qulluğu haqqında” qanunda edilən dəyişiklik isə 2016-cı ildə ölkəmizdə keçirilmiş referendumla bağlıdır və bu qanunun Konstitusiyaya uyğunlaşdırılması üçün hazırlanıb.
 Plenar iclasda həmin qanun layihələri qəbul edildikdən sonra təşkilati məsələyə baxıldı. Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Ülvi Quliyev həmin komitənin sədri seçildi.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini parlamentə təqdim etdi. Bildirdi ki, deputatların təklifləri nəzərə alınaraq birinci oxunuşdan sonra layihə əsaslı surətdə təkmilləşdirilib.
İclasda qanun layihəsi əsas kimi qəbul edildi. Fikir mübadiləsində Sona Əliyeva bir sıra təkliflər irəli sürdü. Sənəd öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da yaz sessiyası başa çatır. Deputatların müraciətinə əsasən isə növbədənkənar sessiya olacaqdır. Spiker yaz sessiyasını bağlı elan etdi.
Azərbaycanın Dövlət Himni səsləndirildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU