REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
05 iyun 2018 | 06:06   
Paylaşın:        

İyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxıldı.
Komitə sədri Arif Rəhimzadə diqqətə çatdırdı ki, 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı yerli əhali tərəfindən təkliflər daxil olub. Toponimiya Komissiyasında bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.
İclasda iştirak edən Milli Məclis yanında Toponimiya Komissiyasının, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, ölkənin bir sıra rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi zamanı iki amil əsas götürülüb. Bunlar yaşayış məkanlarının qədim adlarının bərpası və bu yerlərin toponimləridir. Eyni zamanda, milli və dövlət maraqları da nəzərə alınıb. Sovet hakimiyyəti dövründə adları dəyişdirilmiş ərazilərin tarixən mövcud olmuş əvvəlki adları qaytarılıb. 
Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kəndi Xanbulaq, Goranboy rayonundakı Ağamalıoğlu kəndi Düzqışlaq, Əzizbəyov kəndi Kəhrizli, Xaçmaz rayonu üzrə Alekseyevka kəndi Çaykənarı, Müqtədir qəsəbəsi İstisu, Xızı rayonundakı Şuraabad qəsəbəsi Şorabad, Qusar rayonunun Şirvanovka kəndi Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi Viləş, Saatlı rayonunun Xanlarkənd kəndi Nabatkənd, Qarayevkənd kəndi Orta Muğan, Samux rayonundakı Qırmızı Samux qəsəbəsi Qaraağaclı, Şəmkir rayonunda Qasım İsmayılov kəndi Ağlavaşlı, Muxtariyyat kəndi Qədimqala adlandırılır. Qeyd edildi ki, bu kənd və qəsəbələrin yerləşdikləri kənd inzibati ərazi dairələrinə də eyni adlar verilir.
Bununla yanaşı, Astara rayonunun Qamışovka kəndi Qamışoba, Göygöl rayonunun Xanlar qəsəbəsi Ağdağ,  Mixaylovka kəndi Bənövşəli, Xaçmazın Krasnı Xutor kəndi Şıxlı, Xızının Altıağac qəsəbəsindəki Çistı Klyuç kəndi Safbulaq, Qazaxdakı Kommuna kəndi Bala Çaylı, Qubanın Novonikolayevka kəndi Çaydüzü, Oğuz rayonunda Astarxanovka kəndi Çaldaş, Vladimirovka kəndi Çayqovuşan, Samux rayonunun Lüksemburq kəndi Köbər, Əli Bayramlı kəndi Sarıqaya, Yevlaxın Bünyadabad kəndi Yeni Çobankərə adlandırılır.
Komitə üzvləri ölkənin bir sıra rayonlarının tərkibindəki bəzi ərazi vahidlərinə təklif olunan yeni adları məqbul saydılar və qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU