AQRAR SİYASƏT KOMİTƏSİNDƏ TƏQDİMAT KEÇİRİLDİ
İyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı keçirildi.
Təqdimatdan əvvəl iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış oldular.
İclası açan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, tədbirin keçirilməsində məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır. Ölkədə aparılan torpaqların elektron kadastr uçotu işlərinin əhəmiyyətli olduğunu vurğulayan komitə sədri dedi ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr torpaqlara nəzarətin mükəmməl mexanizmlərinin formalaşmasına, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılmasına imkan verir.
Sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov diqqətə çatdırdı ki, Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində mühüm tapşırıqlar verir. Ölkə başçısı tərəfindən imzalanan 2016-cı il 7 mart tarixli fərmana əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır və rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar, elmi texniki nailiyyətlər tətbiq olunur. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, ixtisaslı kadrlar işə cəlb edilib. Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.
Sonra Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatla çıxış etdi. Bildirdi ki, aparılan torpaq uçotu işləri nəticəsində rayon torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə xəritələri tərtib edilib, yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb, o cümlədən torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Torpaqların relyefini, meyllilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Ərazilərin əkinə yararlılığını öyrənməyə şərait yaradan münbitlik xəritələri hazırlanıb. Eyni zamanda, belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını müəyyən etməyə imkan verən xəritələr də tərtib edilib.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri Hüseynbala Mirələmov, Tahir Süleymanov, Novruz Aslan və İqbal Məmmədov ölkəmizdə torpaqların elektron kadastr uçotunun aparılmasını yüksək qiymətləndirdilər, bu addımın torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarətini gücləndirəcəyinə əminliklərini ifadə etdilər.
Bununla da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı keçirilən təqdimatı başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti