GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ
İyunun 7-də Milli Məclisin Gənclər və idman komitəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, məlum olduğu kimi bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildi. Səfa Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzuladı. O, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə etdi.
Milli Məclisin ötən iclasında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman siyasətinin inkişafında komitənin rolunu yüksək qiymətləndirdi. Komitə üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, bundan sonrakı fəaliyyətində də öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin səmərəliliyinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.
Sonra Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona göstərilən etimada görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirdi. 2015-ci ildə yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səylə davam etdiriləcəyini qeyd etdi.
Tədbirdə iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Kamran Nəbizadə, Mahir Abbaszadə, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad Həsənov keçmiş həmkarları Fuad Muradova gələcək işlərində uğurlar arzuladılar.
Milli Məclisin
Mətbuat xidməti