İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
İyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Parlament Sədrinin müavini, komitə sədri Bahar Muradova öncə komitənin sədr müavini Yevda Abramovu 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Vitse-spiker millət vəkilinin qanunvericilik sahəsində səmərəli fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı işlər gördüyünü, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etdiyini söylədi və bunların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Diqqətə çatdırıldı ki, bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramov “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, parlamentin Sədri Oqtay Əsədov tərəfindən deputata Milli Məclisin Fəxri Fərmanı təqdim edilib.
Komitə üzvləri Tahir Kərimli, Flora Qasımova, Əflatun Amaşov, Hikmət Məmmədov, Sona Əliyeva Yevda Abramov haqqında ürək sözlərini səsləndirdilər. Yevda Abramov Bahar Muradovaya və həmkarlarına ünvanına söylənilən xoş sözlərə görə təşəkkür etdi.
Sonra komitə sədri bildirdi ki, müzakirəyə “İnformasiya əldə etmək haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı sənəd təqdim olunub. Qanun layihəsi dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə göndərilib. Dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə aparılıb. Dəyişikliyin tətbiqi ilə informasiyanın əldə edilməsində və yayılmasında şəffaflıq artacaq, hesabatlılıq təmin olunacaq.
Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin əməkdaşı Yunis İsmayılov sənəd barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, qanunun 29.1-ci maddəsində informasiya sahibi tərəfindən internet informasiya ehtiyatlarında açıqlanmalı olan ictimai informasiyaların dairəsi təsbit olunur. 30-cu maddədə isə həmin informasiyaların açıqlanması üsulları göstərilir. Təklif olunan dəyişikliyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq etməlidir.
Komitə üzvləri nəzərdə tutulan düzəlişin məqsədəmüvafiq olduğunu söylədilər və qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti