MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
13 iyun 2018 | 12:06   
Paylaşın:        

İyunun 12-də Milli Məclisin  növbədənkənar  sessiyasının  ilk iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra dövlət himni səsləndirildi.
İlk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə”   sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, dəyişikliyə görə, normativ hüquqi aktlarda dəyişikliklər edildikdə və ya ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın adı göstərilməlidir. Sənəd dövlətlərarası və ölkə qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Millət  vəkilləri  sənədə müsbət  münasibət  bildirdilər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini şərh etdi. Qeyd edildi ki, uzun müddət beynəlxalq ekspertlər və yerli  mütəxəssislər bu sənəd üzərində işləyiblər. 5 fəsil 17 maddədən ibarət yeni qanun layihəsində ölkəmizin 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb. Qanun təsərrüfat fəaliyyətinin, strateji və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. Sənədin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır. Layihə üçüncü oxunuşda qəbul edildi.
“Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini də müzakirəyə təqdim edən Kamran Nəbizadə dedi ki, dəyişikliklər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi təsdiq olundu.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında” qanun layihələrinə baxıldı. Hər  iki  sənəd  millət  vəkilləri  tərəfindən razılıqla  qarşılandı. 
Gündəlikdəki “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları  haqqında” sənədlərlə əlaqədar Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. O,  qeyd  etdi ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini yaradıb. Əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır. “Dövlət sirri haqqında” qanunda olunan dəyişikliklər məxfi məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması, məxfiliyin açılması qaydası və vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə icazə verilməsi üçün müvafiq orqan və ya onun vəzifəli şəxsi tərəfindən təkrar yoxlama aparılması üçün hüquqi əsasların yaradılması məqsədilə təklif edilir. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq qəbul edildi.
Növbəti qanun layihələrini şərh  edən Ziyafət  Əsgərov dedi ki,  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda ərazi sularına verilən anlayışın qüsurlu olması səbəbindən həmin anlayışın tərkib hissəsi olan ilk abzas yenidən işlənilmişdir. Sərhəd mühafizə orqanları tərəfindən həyata keçirilən sahil mühafizəsi işinin keyfiyyətinin artırılması məqsədilə sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olan üzmə vasitələrinin sərhəd mühafizə orqanlarında qeydiyyata alınması ilə bağlı prosedurlar dəqiqləşdirilmişdir. Ziyafət Əsgərov qeyd etdi ki, “Mülki müdafiə haqqında” qanuna edilmiş dəyişiklikdə mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının və digər mülki işçilərinin əmək münasibətlərinin tənzimlənməsi, habelə mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarət məsələləri öz əksini tapmışdır. Prokurorluq orqanlarının mülki müdafiə qüvvələrində qanunların icrasına nəzarət funksiyası yeni redaksiyada verilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara edilən  dəyişikliklərin texniki xarakter  daşıdığı  vurğulandı. Qanun layihələri səsə qoyularaq qəbul edildi.
İclasda Əli Hüseynli  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi şərh  etdi. Bildirildi ki, qanun bu  sahədə  nəzarət  orqanlarının fəaliyyət istiqamətlərini  tənzimləyəcək.  Bununla yanaşı  25 may 2018-ci ildə Prezident İlham Əliyevin  sərəncamı ilə Maliyyə Monitorinq Xidməti  publik hüquqi şəxsi yaradıldı. Müvafiq  qanuna  edilən  dəyişikliklər  bu  xidmətin  fəaliyyətini təmin etmək məqsədi  daşıyır.  Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsini  nəzərdə  tutan  sənədlərlə  əlaqədar məlumatı  çatdırdı. Bildirildi ki, Məcəlləyə edilən  dəyişikliklər  Azərbaycanda  istehsal olunan  tütün məmulatlarına tətbiq olunan  aksiz dərəcələrinin artırılması məqsədi ilə hazırlanmışdır. Digər sənədə edilən  dəyişikliklər isə avtomobil nəqliyyat vasitələrinə sürücülük  vəsiqələrinin verilməsini, dəyişdirilməsini, dövlət qeydiyyat nişanlarının, qeydiyyat  şəhadətnamələrinin verilməsinə  görə yeni rüsumları müəyyən edəcək.  Bildirildi ki, Bakı şəhəri  üzrə dövlət qeydiyyat  nişanları  avtomobillərə rəqəmlərin  və hərflərin kombinasiyası  üzrə  verildikdə dövlət  rüsumu  500 manat artırılır.  Sumqayıt, Gəncə  və Abşeron üzrə  bu qiymət mövcud  rüsumlardan  70  faiz, digər  regionlar  üzrə  isə 50  faiz  az  müəyyən edilir.  Bu  sənədlər  də ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
Sonra Əmək  və sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində  nəzərdə tutulan dəyişiklikləri şərh edərək bildirdi  ki, dəyişikliklər  “Təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklərə əsasən, attestasiya olunmayan işçilər sırasına Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər də daxil edilir. Məcəlləyə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası ilə əlaqədar yeni 67-2-ci maddə əlavə olunur. Əlavədə sertifikasiyanın keçirilmə qaydaları göstərilir.  Qanun layihəsi səsə  qoyularaq  təsdiqləndi.
Elm  və  təhsil komitəsinin  sədri  İsa  Həbibbəyli  “Təhsil haqqında” qanuna dəyişikliklərlə bağlı  çıxışında  bildirdi ki, qanuna  islahatyönümlü 62 bənddən ibarət geniş həcmdə dəyişikliklər paketi təqdim edilib. Belə ki, qanunun əsas anlayışlar bəndində bir sıra anlayışların mənası dəqiqləşdirilib, “sertifikasiya”, “beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı”, “təhsil xidmətləri” kimi yeni anlayışlar əlavə olunub. Yeni redaksiyada təqdim edilən 7.2-ci maddədə deyilir ki, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycanın tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. Yeni  dəyişikliklərə əsasən Azərbaycanda  fəaliyyət göstərən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri “şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Təhsil müəssisələrində psixoloji xidmətlər təşkil olunmalıdır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Yeni redaksiyada təqdim olunan digər bir maddədə isə bildirilir ki, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Qeyd  edildi ki, yeni dəyişikliyə görə xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı əlavə edilən maddədə bildirilir ki, təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Millət  vəkilləri  Vahid Əhmədov, Sona Əliyeva, Hikmət Məmmədov, Siyavuş Novruzov, Qənirə Paşayeva,  Aqil Abbas, Elşad Həsənov, Asim Mollazadə, Çingiz Qənizadə, Məlahət  İbrahimqızı, Elşən Musayev, Şəmsəddin Hacıyev qanun layihəsi ilə bağlı fikirlərini  bildirdilər.  Sənəd   səsvermə yolu ilə  təsdiqləndi.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  “Azərbaycanın Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişidirilməsi haqqında” qanun layihəsi barədə  məlumat verdi. O, diqqətə çatdırdı ki, 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı yerli əhali tərəfindən təkliflər daxil olub. Toponimiya Komissiyasında bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Bildirildi ki, ölkənin bir sıra rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi zamanı iki amil əsas götürülüb. Bunlar yaşayış məkanlarının qədim adlarının bərpası və bu yerlərin toponimləridir. Eyni zamanda, milli və dövlət maraqları da nəzərə alınıb. Sovet hakimiyyəti dövründə adları dəyişdirilmiş ərazilərin tarixən mövcud olmuş əvvəlki adları qaytarılıb. Qanun  layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda Gənclər  və idman komitəsinin sədri Ülvi Quliyev  “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara təklif edilən dəyişiklikləri təqdim etdi. Qeyd olundu ki, hər iki qanuna təklif edilən dəyişikliklər eyni xarakterlidir. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əlavə edilən yeni bəndə görə, Azəraycan Milli Dopinq Agentliyinə yeni səlahiyyətlər verilir. Bu dəyişikliyə əsasən idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək mümkün olacaq. Hər iki sənəd  ayrı-ayrılıqda  təsdiq  edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) sənədi şərh etdi. Komitə  sədri bildirdi ki, layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən verilən təkliflər sənəddə öz əksini tapıb. Vacib məqamlardan biri layihəyə qeyri-formal məşğulluğa dair ayrıca bir fəslin daxil edilməsidir. Qeyd edildi ki, bütün ölkələrdə sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq mövcuddur. Dünya üzrə bununla bağlı göstərici 65 faiz təşkil edir. Qanunda bu məsələlərin təsbit edilməsi insanların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığa dəstək və obyektivlik nöqteyi-nəzərindən mütərəqqi yenilikdir. Bildirildi ki, qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Millər vəkilləri  qanun layihəsinə ikinci oxunuşda əvvəlcə fəsil-fəsil, sonra bütövlükdə münasibət bildirdilər, sənəd təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinə ikinci oxunuşda edilən dəyişiklikləri  diqqətə  çatdırdı. Sənəd  səsə  qoyularaq  qəbul edildi.
İclasda Ailə, qadın və uşaq  komitəsinin  sədri Aqiyə  Naxçıvanlı  “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini şərh  etdi. Komitə  sədri  bildirdi ki, 5 fəsil 19 maddədən ibarət olan bu sənəd Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub və sosial sifariş əsasında hazırlanmışdır. Müasir dövrdə yetkinlik yaşına çatmayanların mobil telefonlar, televiziya, internet vasitəsilə informasiyaya çıxış imkanları genişləndiyinə görə onları zərərli informasiyadan qorumaq zərurəti meydana gəlib. Bu sahəyə dövlət nəzarətinin olması vacibdir. Diqqətə  çatdırıldı ki, qanun layihəsində məqsəd uşaqların mənəvi, əqli, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyadan qorunması, həmçinin onların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsidir. Layihədə uşaqlar üçün zərərli olan informasiya növləri açıqlanır, informasiya məhsulları yaşa görə təsnifatlandırılır. Ailə institutunu nüfuzdan salan, zorakılığı və qəddarlığı, narkotik vasitələri və psixotrop maddələri, alkoqollu içkiləri və tütün məmulatlarını təbliğ edən məlumatlar zərərli sayılır, cəmiyyət əleyhinə davranışın və hüquqazidd əməllərin yolverilməzliyi açıqlanır. İnformasiya məhsulunun ekspertizasının aparılması qaydası və müddəti müəyyənləşdirilib. Qanun layihəsi səsə  qoyularaq ilk oxunuşda qəbul  edildi.
Bununla  da  Milli Məclisin bugünkü  iclası  başa  çatdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU