ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
21 iyun 2018 | 04:06   
Paylaşın:        
İyunun 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir.
Müzakirələrdə çıxış edən komitə üzvləri İlham Əliyev, Elmira Axundova, Yaqub Mahmudov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova layihə barədə qeyd və təkliflərini bildirdilər.
Sonra “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi. 
Sonra Əmək və sosial siyasət komitəsinin 2018-ci ilin yaz sessiyası müddətində gördüyü işlər diqqətə çatdırıldı. Hadi Rəcəbli bildirdi ki, yaz sessiyası ərzində əmək və sosial siyasət komitəsinin 10 iclası keçirilib, 33 məsələyə baxılıb, iki qanun işlənilib. Komitəyə 477 sənəd, 500-ə qədər ərizə və şikayət daxil olub.
Müzakirələr zamanı deputatlar komitənin 2018-ci ilin yaz sessiyasındakı fəaliyyətini qənaətbəxş hesab etdilər.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU