İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
22 iyun 2018 | 05:06   
Paylaşın:        
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət,  sənaye  və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsi daxildir. 
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. 
Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Həmçinin, Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Həmin gəlirin azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.
Nazir qeyd etdi ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mlrd. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Palata tərəfindən qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilmişdir.
Çıxış edən komitə üzvləri Mirzəcan Xəlilov, Vahid Əhmədov, Aydın Hüseynov, Əli Məsimli, Tahir Mirkişili, müvafiq nazirliklərin nümayəndələri büdcəyə təklif olunan dəyişikliklər barədə qeyd və təkliflərini diqqətə çatdırdılar.
Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi, həmçinin Milli Məclisə onunla eyni zərfdə daxil olmuş Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Sonra maliyyə naziri Samir Şərifov “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir,  makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır. 
Qeyd olundu ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaqdır. 
Deputatlar “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
İclasda “Hesablama Palatası haqqında” Qanun da üçüncü oxunuşda müzakirə olundu. Ziyad Səmədzadə ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında  müzakirəyə tövsiyə olundu.
Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU