MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
12 iyun 2012 | 06:06   
Paylaşın:        

İyunun 12-də  Milli Məclisin növbədənkənar sessiyasının  ilk  iclası keçirildi. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan edərək bildirdi ki, 2011-ci ilin noyabr ayında Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu prosedura uyğun olaraq 6 aydan sonra yenidən təkrar  səsverməyə  çıxarılıb. 
Sənədlə  bağlı  məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, referendum yolu ilə Konstitusiyaya etdiyimiz əlavə və dəyişikliklərdən biri də eks-prezidentlərlə bağlı qanun layihəsinin qəbul edilməsi məsələsi idi. Bununla bağlı parlamentdə fəaliyyət göstərən işçi qrupu çalışdı, dünya təcrübəsi öyrənildi və bu layihə hazırlandı. Bu qanunun qəbulu ölkəmizdə keçirilən demokratik islahatların tərkib hissəsidir və  Konstitusiya qanunu olduğu üçün bu sənəd 6 aydan sonra ikinci səsverməyə çıxarılıb.
Qanun səsə qoyularaq qəbul edildikdən sonra iclasda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər kifayət qədər geniş müzakirələrə səbəb olub, müəyyən təkliflər səsləndirilib və qanun layihəsi işlənilən zaman proqressiv təkliflər nəzərə alınıb. Ümid edirik ki, bu dəyişikliklər gələcəkdə pasport alınmasında problemlərin aradan qaldırılmasına imkan verəcək.
Müzakirələr zamanı deputatların fikirləri dinlənildi və dəyişikliklər səsə qoyularaq qəbil edildi.
Daha sonra iclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı. Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, dəyişikliklər inzibati ərazi bölgüsü olmayan rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılmasını nəzərdə tutur. Layihədə deyilir ki, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairələri əhalisi 20 min nəfərə qədər olan ərazilərdə yaradılacaq. Müzakirələr zamanı çıxış edən deputatlar bildirdilər ki, bu qurumlar ölkədə yeni iş yerlərinin açılmasına, gənc kadrların işlə təmin olunmasına və əhalinin icra strukturlarına daha da yaxınlaşmasına yardımçı olacaq. Eyni zamanda, bu, çox mühüm idarəetmə islahatıdır.
Məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova yeni qurumun bələdiyyəyə qarşı bir orqan kimi yaradılması barədə təsəvvürlərin yanlış olduğunu vurğuladı. Bildirdi ki, bu dəyişiklik bu gün icra hakimiyyəti institutunun təkmilləşməsinə doğan ehtiyacdan irəli gəlir. Bu, bələdiyyə qurumlarına qarşı addım deyildir, əksinə bələdiyyələrin öz fəaliyyətini daha çevik və insanların mənafeyi naminə daha asan həyata keçirilməsi yolları aranır. Güman edirəm ki, irəli sürülən təkliflər bu tələblərə cavab verən təkliflərdir və onun yerinə yetirilməsi üçün Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait vardır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə diqqətə çatdırdı ki, yeni yaradılacaq qurumlar  icra strukturlarının xalqa daha da yaxınlaşdırılmasını təmin edəcəkdir. Burada söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Bələdiyyələrə gəlincə, gələcəkdə onların da hüquqlarının artırılması məsələsinə baxılacaq. Ancaq hazırda yerli özünüidarəetmə strukturları ilə bağlı məsələlərdə müəyyən qədər boşluqlar var. İyun ayının 6-da cənab Prezidentin fərmanı ilə yerli idarəetmə orqanları haqqında əsasnamə təsdiqlənib və indi qanun o əsasnaməyə uyğunlaşdırılır. Məqsəd yalnız ondan ibarətdir ki, Azərbaycanda bütün kateqoriyalardan ibarət insanların hüquq və azadlıqlarının təminatı, o cümlədən siyasi təminatı həllini tapsın. Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.
İclasda eyni zamanda "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında məsələlər də müzakirə olundu. Bir-biri ilə bağlı olduğu üçün hər iki sənəd birgə müzakirə edildi.  Birinci sənədlə bağlı Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, digər layihə ilə bağlı isə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki,  İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.
Dəyişikliklərə əsasən, həmçinin piyadalar tərəfindən yolun hərəkət hissəsinin və ya dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə tətbiq edilir. Bu cür qanun pozuntusuna görə 20 manat cərimə tətbiq olunacaq (hazırda bu məbləğ 10 manatdır).
Axşam iclasında deputatlar Vergi Məcəlləsinə, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara təklif olunan dəyişiklikləri  də təsdiq  etdilər.
“İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan dəyişikliyi təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif olunan əlavədə deyilir: “İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.” Əli Hüseynli bildirdi ki, belə bir müddəa ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununda öz əksini tapmışdır. “İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan əlavə isə onun daha da təkmilləşdirilmiş formasıdır. Bildirildi ki, Ukraynada, Rusiyada, Türkiyədə və bir sıra digər dövlətlərin qanunvericiliklərində informasiya əldə etmək hüququnun sərhədləri dəqiq müəyyənləşdirilmişdir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq təsdiq edildi.
Sonra iclasda  Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Bildirildi ki, bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edəcəkdir. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər, məcəllənin çox əhatəli hazırlandığını, üçüncü oxunuşa qədər bugünkü təkliflərin də nəzərə alınmasının vacibliyini qeyd etdilər.
Müzakirələrin sonunda məcəllə ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU