MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
29 iyun 2018 | 07:06   
Paylaşın:        
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyada sonuncu plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 40 məsələ daxil edilib. 
Sədr diqqətə çatdırdı ki, bugünkü iclasın gündəliyinə daxil edilmiş dövlət büdcəsinin dürüstləşdirilməsinə dair məsələ iqtisadi həyatımızda baş verən müsbət makroiqtisadi dəyişikliklər ilə bağlıdır. Bizə təqdim edilmiş sənədlər paketindən göründüyü kimi, cari ilin ilk dörd ayı yüksək iqtisadi göstəricilərlə başa çatmışdır. 
Sədr bildirdi ki, ötən dörd ayın yekunlarına əsasən ölkənin valyuta ehtiyatları 43 milyard ABŞ dollarını keçmişdir. İlin əvvəli ilə müqayisədə artım 2,2 milyard ABŞ dolları təşkil etmişdir. Dövlət büdcəsinin gəlirləri də proqnozdan yüksək, yəni 104,4 faiz olmuşdur. Hesablamalar göstərir ki, əldə edilmiş artım sürəti ilin qalan dövründə də davam edəcəkdir. Ona görə də dövlət büdcəsinin dürüstləşdirilməsinə dair məsələ bugünkü iclasın gündəliyinə salınıb.
Dövlət büdcəsində ediləcək dəyişikliklər barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu dəyişikliklərdən sonra Azərbaycanın Ümumi Daxili Məhsulunun bölüşdürülməsində dövlət büdcəsinin rolu artacaqdır. Bu addım Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, biznes mühitinin yaxşılaşmasına, icra olunan dövlət proqramlarının reallaşmasına kömək edəcəkdir. Bu o deməkdir ki, dövlətin müdafiə qabiliyyəti və təhlükəsizliyi daha da artacaq, əhalinin sosial müdafiəsi güclənəcək, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi üçün əlavə maliyyə imkanları yaranacaqdır. 
Sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. 
Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Həmçinin, Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac var. Həmin gəlirin azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması büdcədə öz əksini tapmalıdır. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Nazir qeyd etdi ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mlrd. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Palata tərəfindən qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilmişdir.
Sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi, həmçinin Milli Məclisə onunla eyni zərfdə daxil olmuş Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
 Sonra Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” qanunun üçüncü oxunuşu barədə məlumat verdi. Bildirdi ki, bu qanun əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə yardımçı olacaq və məşğulluğa kömək sahəsində dövlət siyasətinin əsaslarını müəyyən edəcəkdir.
Millət vəkilləri qanun layihəsini səsə qoyaraq üçüncü oxunuşda qəbul etdilər.   
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası qanun layihəsinin üçüncü oxunuşu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədi daşıyır. Bu məlumatlar cinayətkarlığa qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir.
Deputatlar qanun layihəsini səsə qoyaraq üçüncü oxunuşda qəbul etdilər.   
Sonra iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədilə hazırlanıb. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi üçün neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir,  makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır. 
Qeyd olundu ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaqdır. 
Deputatlar “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri də səsə qoyaraq təsdiqlədilər.
Sonra “Hesablama Palatası haqqında” Qanun da üçüncü oxunuşda müzakirə olundu. Ziyad Səmədzadə ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya da təsdiq edildi.
 “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan Ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi, həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSİ arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi barədə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. Bildirildi ki, bu sazişlər ölkəmizdə neft yataqlarının işlənməsini nəzərdə tutur. 
Hər iki saziş səsə qoyularaq təsdiq edildikdən sonra deputatlar “İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan dəyişikliyi müzakirə etdilər. Layihə barədə məlumat verən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə bu qanunun 30-cu maddəsinə (İnformasiyanın açıqlanması üsulları) dəyişiklik edilməsi təklif edilir.
Deputatlar təklif olunan dəyişikliyi səsə qoyaraq təsdiqlədilər. 
İclasda “İcarə haqqında” Qanuna da dəyişiklik edildi. 
Sonra diqqətə çatdırıldı ki, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Polis haqqında” qanunlara təklif olunan dəyişikliklər Milli Məclisə bir zərfdə daxil olub və ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar yaradılmış probasiya qurumunun fəaliyyəti ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.  
Bu dəyişikliklər də təsdiq olunduqdan sonra Vergi Məcəlləsinə, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında” qanunlara dəyişiklik edilməsi barədə məsələlər və “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanununun ləğv edilməsi haqqında” qanun layihəsi də müzakirə olundu. Bildirildi ki, bu qanunlar da Milli Məclisə eyni zərfdə daxil olub və feldyeger rabitəsinin müstəqil dövlət orqanı kimi ləğv olunaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi ilə əlaqədardır.
Bu dəyişikliklər də səsə qoyularaq təsdiq edildi.   
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında”  qanun layihəsini təqdim etdi. Bildirdi ki, artıq ölkəmizdə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi üçün lazım olan avadanlıqlar alınıb. Bununla əlaqədar olaraq qanunvericilikdəki bəzi müddəaların qüvvəyə minmə tarixi 2019-cu il yanvarın 1-dən 2018-ci il sentyabrın 1-nə keçirilir. 
Bu qanun layihəsi də səsə qoyularaq qəbul edildi.  
 Deputatlar Miqrasiya, İnzibati Xətalar məcəllələrinə də  dəyişikliklər etdilər. Bildirildi ki, bu dəyişikliklər turistlərin ölkəmizə gəlməsi üçün daha yaxşı şərait yaradılması məqsədi daşıyır.
İclasda Mülki Prosessual, İnzibati Prosessual, Cinayət məcəllələrinə, “Notariat haqqında”, “İcra haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara da müvafiq dəyişikliklər edildi. Diqqətə çatdırıldı ki, bu dəyişikliklər ölkəmizdə qanunvericiliyin daha da inkişafına xidmət edir.
İclasın sonunda Azərbaycanın Dövlət Himni səsləndirildi və bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU