AZƏRBAYCAN-ÇİN DOSTLUĞU QƏDİM TARİXƏ SÖYKƏNİR
Avqustun 31-də Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq əlaqələri qədim tarixə söykənir. Prezident İlham Əliyevin ÇXR-ə səfərlərinin ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdiyini vurğulayan komitə sədri Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu olduğunu qeyd etdi. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən söz açdı, bu Fondun xətti ilə Çində də mühüm layihələrin həyata keçirildiyini söylədi.
Parlamentlərarası əlaqələrimizə toxunan Siyavuş Novruzov başçılıq etdiyi işçi qrupunun tərkibi barədə məlumat verdi, Çinlə münasibətlərin genişlənməsi istiqamətində görülən işlərdən söz açdı. Bildirdi ki, ÇXR nümayəndələrinin beynəlxalq təşkilatlarda ölkəmizin yanında olması, xüsusilə Dağlıq Qarabağ probleminə dair məsələlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycan da hər zaman Çinin ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdə ÇXR nümayəndə heyətinin başçısı, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilk dəfə səfər etdiyi Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşdü. Qeyd etdi ki, Bakı çox gözəl və müasir şəhərdir, odlar yurdu Azərbaycan yüksək inkişaf səviyyəsinə malikdir.
Səfərin ilk günü Prezident İlham Əliyevlə görüşdüklərini bildirən xanım Li Syaolin qeyd etdi ki, Azərbaycanda həm dövlət səviyyəsində, həm də xalq tərəfdən Çinə və Çin xalqına gözəl münasibət var. Sonra qonaq rəhbərlik etdiyi qurumun yaranma tarixi, məramı və müasir əlaqələri barədə deputatlara ətraflı məlumat verdi. Bu yaxınlarda ölkəsində keçiriləcək EXPO sərgisində Azərbaycan sahibkarlarını görməyi arzuladıqlarını dedi.
Görüşdə qədim İpək Yolunun bərpası, “Bir kəmər-bir yol” layihəsi, iqtisadi-ticari-humanitar əməkdaşlığın və turizmin genişləndirilməsi vacibliyi, Heydər Əliyev Fondu ilə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin intensivliyinin artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Siyavuş Novruzov qonaqların nəzərinə çatdırdı ki, Çinin “Bir kəmər-bir yol” strategiyası ürəyimizcədir. Azərbaycan Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər-bir yol” adlı iqtisadi inkişaf layihəsinin iştirakçısıdır.
Görüşdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, deputatlar Hikmət Məmmədov, Əliağa Hüseynov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Çinin ölkəmizdəki səfiri Vey Cinhua, Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov, digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti