MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 sentyabr 2018 | 03:09   
Paylaşın:        

Sentyabrın 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasına toplaşdı.
Yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib. Həmin məsələlərdən üçü yaxın qonşularımız və strateji müttəfiqlərimiz olan Türkiyə və Gürcüstanla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xidmət edən sənədlərin təsdiqi ilə əlaqədardır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu bu ilin 31 martında qardaş Türkiyənin Giresun şəhərində imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” Saziş cari ilin 11 iyununda Bakıda, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokol isə 2018-ci il aprelin 25-də Ankarada imzalanıbdır. Sənədlərin üçü də milli maraqlarımıza cavab verir.
Fikir mübadiləsində komitə sədrinin müavini Aydın Mirzəzadə, deputat Əliağa Hüseynov hər 3 sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər. Qanun layihələrinin Azərbaycan parlamentində ratifikasiyası vacib sayıldı.
Sonra I vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov xatırlatdı ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği məqsədilə 2017-ci ilin 1 dekabrında tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. Qeyd etdi ki, həmin qanunun tətbiqi ilə əlaqədar 1994-cü il 23 sentyabr tarixli, 887 və 886 nömrəli qanunlarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi zərurəti meydana gəlib. Dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.
İclasda komitə üzvləri yekdil qərarla müzakirə olunan məsələlərin beşini də  Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU