REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
11 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq növbəti sessiyada həmkarlarına uğurlar dilədi, gündəlik barədə məlumat verdi.
İclasda əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə söhbət açıldı. Qeyd edildi ki, bu müddətdə komitənin iclaslarında  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2017-ci il üzrə illik məruzəsi müzakirə edilib, “Azərbaycan Respublikasında Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanuna baxılıb. Göstərilən dövr ərzində komitə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Bələdiyyələrin Milli Assosiasiyalarının rəhbərləri, bələdiyyə sədrləri ilə əlaqəli işləyib. Komitə üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, beynəlxalq təşkilatların toplantılarında fəal iştirak ediblər.
Yaz və növbədənkənar sessiyalar ərzində komitənin ünvanına 159 müraciət dəxil olub. Onların 99-u araşdırılaraq, müvafiq təşkilatlara  göndərilib, digərləri yerindəcə öz həllini tapıb. Deputatlar seçicilərlə mütəmadi görüşlər keçirib, onları narahat edən məsələlərin həlli ilə bağlı lazımi tədbirlər görüblər. Hesabat dövründə komitənin fəaliyyəti müsbət qiymətləndirildi.
Arif Rəhimzadə cari ilin payız sessiyasının iş planı ilə əlaqədar diqqətə çatdırdı ki, komitədə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə məsələlərə baxılacaq. Habelə, müvafiq orqanlarla razılaşdırılması və hazırlanması nəzərdə tutulan bəzi qanun layihələri ilə bağlı iş aparılacaq. Payız sessiyasının iş planı təsdiq edildi.
Sonra gündəlikdəki digər məsələlər iclas iştirakçılarının nəzərinə çatdırıldı. Bildirildi ki, “Bələdiyyələrin statusu haqqında” qanunun 40-cı maddəsinin 1-ci hissəsində “bələdiyyə əmlakının icarəyə” sözləri “icarəyə və istifadəyə” sözləri ilə əvəz edilir, “bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən açıq məkanda reklama görə daxil olan ödənişlər” sözləri çıxarılır. Eyni məzmunlu dəyişikliklər “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci maddəsində də öz əksini tapıb. Həmçinin, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun “açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklamın yerləşdirilməsinə və yayımına görə ödənilən haqq”la bağlı  9.1.1-ci maddəsi ləğv olunub.
Göstərilən düzəlişlər “Reklam haqqında” qanunda 2017-ci il 17 noyabr tarixində edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar hazırlanıb.
Diqqətə çatdırıldı ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda 2017-ci il dekabrın 29-da “Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş düzəlişə uyğun olaraq daha bir dəyişiklik aparılıb. Dəyişikliyə görə, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.
Qeyd edildi ki, qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədi ilə “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinin 2-ci hissəsinə zəruri əlavə təklif olunur. Əlavəyə əsasən, həmin qaydaların tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Komitə üzvləri yuxarıda qeyd olunan dəyişiklikləri məqsədəmüvafiq hesab etdilər və qanun layihələrinin Milli Məclisin plenar iclasında baxılmasına qərar verdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU