MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rafael Hüseynov əvvəlcə millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, qarşıdakı dönəmdə hər kəsə uğurlu fəaliyyət arzuladı.
Yaz və növbədənkənar sessiyalar dövründə görülən işlərdən danışan Rafael Hüseynov komitədə “Muğam sənətinin inkişafı və qorunması” haqqında qanunun hazırlanmasını xüsusi qeyd etdi. Bildirildi ki, hesabat dövründə bir sıra mühüm qanun layihələrinə zəruri dəyişikliklər də edilib. O, vətəndaşlardan, idarə və təşkilatlardan yaz sessiyası dövründə komitəyə 107 təklif, ərizə və şikayətin daxil olduğunu dedi və millət vəkilləri tərəfindən lazımi köməkliklərin edildiyini bildirdi. Komitə sədri sonra payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Yaz və növbədənkənar sessiyalar dövründəki hesabat və payız sessiyasının qanunvericilik işləri planı təsdiq olundu.
İclasın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verən Rəfael Hüseynov əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, sənədin qəbulu qardaş ölkə ilə mədəniyyət sahəsində münasibətlərimizin daha da genişlənməsinə rəvac verəcək.
Qeyd olundu ki, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər mahiyyət etibarilə eyni xarakterlidir. Bu sənədlərdəki dəyişikliklərin televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütün istifadəsi prosesinin və insan sağlamlığına zərər vuran digər məhsulların reklamına məhdudiyyətlərin qoyulması ilə bağlı olduğu vurğulandı.
İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanun layihələrinə texniki xarakterli dəyişikliklərə də baxıldı.
Komitə üzvləri Əflatun Amaşov, Fəzail İbrahimli, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Novruzəli Aslanov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva müzakirə edilən dəyişikliklərlə bağlı fikir və təkliflərini səsləndirdilər.
Müzakirə edilən bütün sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti