ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli 2018-ci il payız sessiyasının başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı, işlərində uğurlar arzuladı.
Cari ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə məlumat verən İsa Həbibbəyli qeyd etdi ki, komitə səmərəli fəaliyyət göstərib. Hesabat dövründə 7 iclas keçirilib, 16 məsələyə baxılıb. Bu iclaslarda “Peşə təhsili haqqında” qanun, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Təhsil haqqında”, “Dövlət qulluğu haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və digər qanunlardakı   dəyişikliklər müzakirə olunaraq Milli Məclisə tövsiyə edilib. Habelə, “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun tərkibi təsdiqlənib.
Ötən sessiya ərzində komitəyə 206 müraciət daxil olub. Vətəndaşlardan gələn 149 ərizənin 97-si ilə əlaqədar məktublar hazırlanıb və aidiyyəti nazirlik, idarə və təşkilatlara göndərilib. Bu məktublara müsbət cavablar alınıb. Müraciətlərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi və işlə təmin olunması, təhsil haqqının ödənilməsi,  xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması, habelə mənzil, müalicə üçün maddi yardım, əfv məsələləri ilə bağlı problemlər qaldırılırdı. Komitə sədri tərəfindən qəbul edilmiş 46 vətəndaşın müraciətinə baxılıb, onlara lazımi izahat və məsləhətlər verilib, bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Komitənin 2018-ci il yaz və növbədənkənar sessiyalarda fəaliyyəti məqbul hesab olundu.
Diqqətə çatdırıldı ki, cari ilin payız sessiyasında “Ümumi təhsil haqqında” qanun layihəsinə baxılacaq, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası keçiriləcək, komitə üzvləri ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirak edəcəklər. 2018-ci ilin payız sessiyasının iş planı təsdiq edildi.
Sonra ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunmuş “Elm haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı sənədlərə baxıldı. Bildirildi ki,  “Elm haqqında” qanunun elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş 39-cu maddəsinin 6-cı bəndində “beynəlxalq müqavilələr” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı” sözləri əlavə olunur.
“Təhsil haqqında” qanunda da yuxarıda qeyd olunan məqamla bağlı və digər zəruri dəyişikliklər aparılıb. Habelə, sənədin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ təsbit olunan 44-cü maddəsinə yeni müddəa əlavə edilir. Əlavədə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Komitə üzvləri Bəxtiyar Əliyev, Musa Qasımlı, Sona Əliyeva, Şəmsəddin Hacıyev, Gövhər Baxşəliyeva təklif olunan dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini səsləndirdilər və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
İclasda İsa Həbibbəyli, həmçinin, “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, bununla əlaqədar bu sahədə ölkədəki mövcud durum nəzərdən keçirilib, hədəflər müəyyənləşdirilib və layihənin 5 fəsil 26 maddədən ibarət ilkin variantı hazırlanıb. Komitə sədri sosial sifariş olaraq gələcəkdə “Təhsil kreditləri haqqında” və “Ali təhsil haqqında” qanunların hazırlanmasının vacibliyindən də danışdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU